Serj Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb

Serj Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb
# 03 aprel 2017 11:25 (UTC +04:00)

Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.

Beləliklə, Ermənistan parlamentində partiya kimi yalnız hakim Respublika Partiyası və Daşnaksutyun Partiyası təmsil olunmaq hüququ qazanıb.

Respublika Partiyası seçicilərin 49,12 faizinin, Daşnaksutyun Partiyası isə 6,57 faizinin səsini toplayıb. Blok qismində isə parlamentdə 27, 32 faiz səs toplamış “Tsarukyan” və 7,77 faiz səs toplamış “Yelk” ("Çıxış") blokları təmsil olunacaq.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Beləliklə, əsas müxalif qüvvələr sayılan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi “Xalq” partiyasının birgə təmsil olunduğu blok (1,65 faiz) və sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyan başçılıq etdiyi “Ohanyan-Raffi-Oskanyan” bloku (2,7 faiz), o cümlədən Azad Demokratlar Partiyası (0,94 faiz), Ermənistan Kommunist Partiyası (0,75 faiz), Erməni Dirçəlişi Partiyası (3,71 faiz) parlamentdən kənarda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR