DTX-da Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib

DTX-da Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib
# 09 may 2018 15:28 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

DTX-dan APA-ya verilən məlumata görə, xidmətin rəhbərliyi, əməkdaşları və Heydər Əliyev adına Akademiyasının kursantları Fəxri xiyabanda Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra mərasim DTX-nın akt zalında davam etdirilib. Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev şəxsi heyəti və veteranları Heydər Əliyevin 95 illik yubileyi münasibətilə təbrik edib, dahi rəhbərin şanlı peşəkarlıq məktəbinin davamçılarına respublikamızın müstəqilliyi, tərəqqisi və təhlükəsizliyi naminə şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

M. Quliyev qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, azərbaycançılıq məfkurəsinin və mədəniyyətin yüksəlişi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub: “1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ümumxalq dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edib. Bu gün müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır”.

Sonra təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı münasibətilə imzaladığı sərəncamla orden və medallara layiq görülmüş DTX-nin hərbi qulluqçularına həmin təltiflər general-leytenant Mədət Quliyev tərəfindən təqdim olunub. Xidmətdə fərqlənən digər əməkdaşların təltif olunmaları barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri elan edilib, onlara medallar və “Fəxri əməkdaş” döş nişanları verilib.

Sonda Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR