Elmar Məmmədyarov İraqın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov İraqın xarici işlər naziri ilə görüşüb
# 26 sentyabr 2014 13:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

İ. Əl-Cəfəri son dövrlərdə ölkəsində baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın onların bərpasında iştirak imkanlarına baxılmasını xahiş edib.

E. Məmmədyarov isə İraqa son səfəri zamanı keçirilən görüşlərdə əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını bildirib. O həmçinin iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib.

BMT tərəfindən münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edən E. Məmmədyarov dost ölkələrin münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

E. Məmmədyarov iraqlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət edib. İ. Əl-Cəfəri bu dəvəti məmnuniyyətlə qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR