“Halliburton” şirkətinin mütəxəssisləri BANM-də tədris prosesinə cəlb olunub

“Halliburton” şirkətinin mütəxəssisləri BANM-də tədris prosesinə cəlb olunub
# 21 noyabr 2014 08:08 (UTC +04:00)

Bakı - APA. "Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçristin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Məktəbdən APA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor Elmar Qasımov Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini, onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərin yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb və "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və ali məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib.

E.Qasımov aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd edib və onların şirkətdə ödənişli təcrübə keçdiyi müddətdə nəinki fərdi şəxsiyyət kimi dünyagörüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verib. “Halliburton” şirkətinin nümayəndələrinə - ölkə üzrə meneceri Rəndi Gilçrist, Qazımada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubov, Maili qazma üzrə koordinator Teymur Əliyev, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova BANM-nin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verilib və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirilib.

Öz növbəsində Rəndi Gilçrist nümayəndə heyətinin və öz adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür edib və tələbələrin praktiki bilikləri ilə yanaşı, nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasına müsbət fikir bildirdi və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqləyib.

Daha sonra BANM-nin rəhbərliyi, professor-müəllim heyəti və "Halliburton" şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-nin təlim-tədris sisteminə qoşulmalarına və “Haliburton” şirkətinin ali məktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və “Halliburton günü” adlı tədbirin təşkil olunmasına dair müzakirələr aparılıb.

“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmək üçün seçiləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR