Azərbaycanın UNESCO-dakı nümayəndəsi: “Lavaşın UNESCO-da “erməni çörəyi” kimi qəbul edilməsinin qarşısı alınıb” - MÜSAHİBƏ

Azərbaycanın UNESCO-dakı nümayəndəsi: “Lavaşın UNESCO-da “erməni çörəyi” kimi qəbul edilməsinin qarşısı alınıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 28 noyabr 2014 14:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycan Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Anar Kərimovun APA-ya müsahibəsi

– UNESCO-nun siyahılarına təqdim edilən qeyri-maddi mədəni irs elementlərinin mahiyyəti barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

– Əvvəla, qeyd olunmalıdır ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasına əsasən hər bir üzv ölkənin onun ərazisində olan mədəni irs nümunəsinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarına təqdim etmək üçün müstəqil hüququ var. Reprezentativ və Təcili Qorunma siyahılarına təqdim edilən qeyri-maddi mədəni irs elementləri həmin elementin hər hansı xalqa və yaxud dövlətə məxsus olmasını müəyyən etmir və yalnız elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir. 2003-cü il Konvensiyasına əsasən UNESCO siyahılarına qeyri-maddi mədəni irsin daxil edilməsi əslində onun qorunması məqsədini daşıyır. Yəni bir ölkənin ərazisində müəyyən qrup insan hər hansı bir elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün UNESCO-ya təqdim etsin. Beləliklə, UNESCO siyahıları mədəni irsin mənsubiyyətini təyin etməklə məşğul deyil və ölkəyə bu element üzrə inhisarçı hüququ vermir. Konvensiyaya görə, əgər bir neçə ölkədə eyni mədəni irs nümunəsi varsa, bu ölkələr bu irsi UNESCO-ya birlikdə çoxmillətli nominasiya kimi və yaxud ayrı-ayrılıqda təqdim edə bilərlər. Məsələn, Azərbaycan regionun digər 6 ölkəsi ilə birgə Novruz bayramını UNESCO Reprezentativ siyahısına 2009-cu ildə daxil edib və ya Azərbaycan və Türkiyə ayrı-ayrılıqda aşıq sənətini UNESCO siyahısına daxil ediblər.

– Ermənistan tərəfindən irəli sürülmüş lavaş nominasiyası bəzi kütləvi informasiya vasitələrində bir qədər fərqli formada təqdim olunub və burada erməni təbliğat maşını məqsədyönlü şəkildə prosesi təhrif edib. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

- Ermənistan tərəfindən Konvensiyanın yuxarıda qeyd edilən müddəlarına uyğun olaraq “Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü - mədəniyyətin ifadəsi kimi” adlı nominasiya 2013-cü ildə qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi məqsədilə UNESCO-ya təqdim edilib. 2003-cü il Konvensiyasına əsasən nominasiyalar 24 üzv dövlətdən ibarət qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən nəzərdən keçirilir. Ermənistan tərəfindən bu nominasiya təqdim edilən kimi, Azərbaycan və Türkiyə tərəfindən etiraz məktubları UNESCO-ya göndərilib və bu məktublarda lavaşın geniş bir ərazidə yayıldığı, Ermənistanın lavaş nominasiyasının irəli sürülməsində siyasi və kommersiya məqsədləri güddüyü, lavaşın hazırlanması adətindən çox onun ərzaq məhsulu kimi təbliğ edilməsinə yönəldiyini və beləliklə, bu məqamların Konvensiyanın müddəalarına və ruhuna zidd olduğu vurğulanıb. Müvafiq prosedurlara əsasən nominasiya qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən təsis edilmiş Yardımçı Qurumun ekspertləri tərəfindən ilkin olaraq nəzərdən keçirilib və Azərbaycan və Türkiyənin etiraz məktubları ekspertlərin diqqətinə çatdırılıb.

Qeyd edilməlidir ki, nominasiyanın adından göründüyü kimi, Ermənistan lavaşı erməni çörəyi kimi təqdim edilib. Yəni ermənilər belə iddia irəli sürürdülər ki, lavaş məhz onlara məxsusdur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın “erməni çörəyi” kimi mənimsənilməsi cəhdinin və erməni millətinə məxsus çörək kimi tanınmasının qarşısı alınıb. UNESCO-nun Komitəsi isə öz qərarında bu elementin bütün regionla yanaşı, Ermənistan ərazisində mövcud olması ilə razılaşıb. Halbuki, Ermənistan tərəfi həm Komitənin iclasından öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında UNESCO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Amma Komitənin iclası zamanı Azərbaycan və Türkiyə tərəfindən atılmış birgə addımlar sayəsində lavaşın erməni çörəyi kimi qəbul edilməsinə imkan verilməyib. Komitə üzvləri Azərbaycan və Türkiyənin haqlı mövqeyini üstün tutaraq, baxılması üçün təqdim olunan faylın adında (“Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi”) dəyişiklik ediblər. Fayl “Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü – Ermənistanda mədəniyyətin ifadəsi” kimi qəbul olunub. Bununla yanaşı, UNESCO Komitəsinin qərarında qeyd olunub ki, lavaş daha geniş regionun icmaları tərəfindən bölüşülür və onun siyahıya daxil edilməsi bu elementin yalnız ermənilərə aid olması anlamına gəlmir.

Onu da qeyd edim ki, Konvensiyanın müddəalarına əsasən bu elementin siyahıya daxil edilməsi Azərbaycanın və lavaşın mövcud olduğu digər ölkələrlə birgə lavaşla bağlı nominasiyanın UNESCO-ya təqdim edilməsinə heç bir məhdudiyyət yaratmır, əksinə, Konvensiyanın müvafiq qaydaları bu cür çoxmillətli nominasiyaların xalqlar arasında yaxınlaşma, dialoq və əməkdaşlığı təşviq etdiyi üçün onlara üstünlük verir.

Bu prinsipləri rəhbər tutaraq Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim edilsin.

– Azərbaycanın kəlağayı sənəti də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib?

– Məlum olduğu kimi, cari ilin 24-28 noyabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilib. Sessiyanın bugünkü iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

Kəlağayı faylı Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Heydər Əliyev Fondu, AR Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisə Azərbaycan prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir.

Xatırladım ki, muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR