AMEA-da “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda konfrans keçirilib

AMEA-da “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda konfrans keçirilib
# 26 noyabr 2014 13:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransda akademiyanın prezidenti, akademik Akif Əlizadə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları iştirak edib.

AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, bu cür konfransların keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə elmi işlərin aparılmasına təkan verməkdir.

Tədbirdə “Heydər Əliyev və Azərbaycanda fövqəladə hallarla mübarizənin təşkili təcrübəsindən”, “Fövqəladə hallardan qorunma məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər”, “Böyük Qafqazın şimal-qərb rayonlarında içməli artezian sularının müasir radioekoloji vəziyyəti”, “Azərbaycan Respublikası fövqəladə hallar atlasının və informasiya bazasının yaradılması”, “Yanğınsöndürmə üçün yeni reagent - “Naftapen”, “Gərginlik vəziyyətlərinin aşkar edilməsi və Azərbaycan Respublikasının ərazisi, Qafqazın və Xəzərin sərhədyanı sahələri üçün seysmik təhlükənin qiymətləndirilməsi”, “Azərbaycan ərazisində radon qazının səviyyəsinin tədqiqi və ona təsir edən faktorlar”, “Etibarlılıq nəzəriyyəsinin metodları ilə qəza risklərinin qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında fövqəladə hallarla mübarizənin ümumi vəziyyəti” və digər mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

Sonda belə tədbirlərin keçirilməsinin ən mühüm elmi araşdırmalar barədə elmi ictimaiyyətə geniş məlumat verilməsində, onların nəticələrini fövqəladə hallar orqanlarının gündəlik fəaliyyəti nöqteyi-nəzərindən qiymətləndirilməsində vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR