Ellada Məmmədli: “Müstəqil fikirli insanları Müsavatdan kənarlaşdırmaqla heç nə əldə etmək mümkün deyil”

Ellada Məmmədli: “Müstəqil fikirli insanları Müsavatdan kənarlaşdırmaqla heç nə əldə etmək mümkün deyil”
# 27 oktyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Arif Hacılı Müsavat başqanı seçiləndən sonra o qədər "tədbir" görürlər ki, bunun da nəticəsi ortadadır. Kimdən xoşları gəlmirsə, partiyadan qovmaq siyasəti yeridirlər”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.

Xatırladaq ki, Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı 10-15 nəfərin qəsdən partiyanın ötən həftə keçirilən Məclisində iştirak etmədiyini bildirib. Məclisdə eyni zamanda partiya toplantılarında iştirak etməyənlərlə bağlı tədbir görülməsi barədə çağırışlar səslənib.

Məclisin sonuncu toplantısında iştirak etməyən E. Məmmədli isə deyilən fikirlərlə razılaşmayıb. O, Məclisdə üzürlü səbəbdən iştirak edə bilmədiyini vurğulayıb: “Əslində Məclisin 120 üzvündən 70 nəfəri ötən toplantıda iştirak edib. 70 nəfərlə sərbəst Məclis üzvlüyünə də, MNTK-ya da seçkilər keçirmək olur. Mən Məclisin toplantılarında iştirak edirəm. Sadəcə olaraq ötən Məclis zamanı yas mərasimində iştirak etdiyimdən, toplantıya qatıla bilmədim. Ona görə də, bəzi adamların guya bilərəkdən Məclisin toplantısına qatılmaması barədə fikirlər absurddur. Digərlərinə də irad tutmaq yersizdir”.

Partiyanın toplantılarına qatılmayan şəxslər barədə tədbir görülməsinə gəlincə isə, E. Məmmədli qeyd edib ki, müstəqil fikirli insanları Müsavatdan kənarlaşdırmaq düzgün deyil: “Bu ifadə tez-tez Osman Kazımov tərəfindən də səsləndirilir ki, təmizləmə siyasəti aparılmalıdır. Partiya toplantılarında iştirak etməyənlər haqqında tədbir görülməsi Qubad İbadoğlunun tərəfdarlarını aşağılamaq üçün bir mesajdır. Ömrünün neçə ilini partiyaya həsr etmiş şəxslər nəyə görə partiyadan getməlidir? Gənclər ona görə istefa verdi ki, onları heç bir yerdə dəyərləndirmədilər. Gənclərin arxasınca isə xəyanətkar damğası vurdular. Bunlar nə dərəcədə düzgündür? Münasibətləri yumşaltmaq lazımdır. Bir insanın deyəcəyi azad fikrə görə onu partiyadan qovmaq, kənarlaşdırmaq düzgün deyil. Müstəqil fikirli insanları partiyadan çıxarmaqla nə əldə etmək olar? Partiya belə inkişaf edə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR