Azərbaycan səfiri Belçika parlamentinin Nümayəndələr Palatasının yeni sədri ilə görüşüb

Azərbaycan səfiri Belçika parlamentinin Nümayəndələr Palatasının yeni sədri ilə görüşüb
# 20 noyabr 2014 10:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Belçika parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Zigfrid Brakke ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir Azərbaycanın regiondakı yeri və tutduğu mövqe barədə ətraflı məlumat verib, müstəqillik əldə etdikdən sonra Azərbaycanın Avropaya və Avropa institutlarına inteqrasiya yolunu tutduğunu söyləyib.

F. İsgəndərov ikitərəfli iqtisadi münasibətlərin hazırki durumu barədə danışaraq son bir il ərzində iqtisadi əlaqələrin genişlənməsi və Belçika şirkətlərinin Azərbaycanda fəallaşmasını iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya kimi qeyd edib və iqtisadi münasibətlərin inkişafı fonunda siyasi əməkdaşlığın möhkəmlənməsinin zəruri olduğunu nəzərə çatdırıb.

Z. Brakke Azərbaycan səfiri ilə görüşdən məmnunluq duyduğunu diqqətə çatdıraraq ölkələr arasında dövlət və hökumət başçıları, nazirlər səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Belçika və Azərbaycan arasında parlamentlər səviyyəsində siyasi dialoqun aparılmasına hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR