Hikmət Babaoğlu: "Medianı milli təhlükəsizliyi təmin edən “yumşaq güc” kimi qəbul etməliyik"

Hikmət Babaoğlu: "Medianı milli təhlükəsizliyi təmin edən “yumşaq güc” kimi qəbul etməliyik"
# 11 dekabr 2014 14:24 (UTC +04:00)

Bakı-APA. "Hazırda qloballaşan dünyada hər bir ölkənin öz milli informasiya cəmiyyəti formalaşmaqdadır. İndiki mərhələdə informasiya cəmiyyəti, bütövlükdə, ölkənin ictimai, siyasi, ideoloji, mədəni, intellektual paradiqmalarını formalaşdıran əsas kimi çıxış edir".

APA-nın xəbərinə görə, bunu bu gün “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda Bakıda keçirilən konfransdakı çıxışında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Baş redaktor bildirib ki, informasiya cəmiyyəti milli sərhədlərlə məhdudlaşmır: "Çünki informasiyanın özü sərhədi inkar edir. Xüsusilə də, müasir mərhələdə çoxsaylı informasiya texnologiyalarının mövcud olması və informasiyanın ötürülmə mexanizminin, yollarının çoxluğu informasiya məkanının milli məkan kimi qorumağa imkan vermir. Çünki milli informasiya məkanı daim sürətli impulslar idxal edir. Yaxud transmilli media sosial şəbəkələr vasitəsilə milli informasiya məkanına mütəmadi olaraq müxtəlif təmayüllü və mahiyyətli informasiyalar ötürür. Belə olan halda, milli informasiya məkanı ilə qlobal informasiya məkanının sərhədləri qarışır. Əgər bu cür davam edərsə, bir müddət sonra, ümumiyyətlə, milli informasiya məkanından bəhs etmək mümkün olmayacaq".

H. Babaoğlu qeyd edib ki, qlobal informasiya özünəməxsus dəyərlər formalaşdırır: "Əldə edilən informasiyalar fərdlərin davranışlarını müəyyənləşdirir. Fərdlərin davranışları isə ictimai şüuru müəyyən edir. İctimai şüur isə, öz növbəsində, ictimai dəyərləri yaradır. Bu şəraitdə istehlak edilən informasiya bilavasitə dəyərlərin formalaşmasına təsir edən vasitəyə çevrilir. Bu zaman qlobal dəyərlər meydana çıxır".

Baş redaktor qeyd edib ki, seçim belədir: "Ya milli informasiya məkanını qorumalıyıq, ya da onun qlobal informasiya məkanına inteqrasiyasını təmin etməliyik. Bunun üçünsə milli strategiya müəyyənləşdirmək lazımdır. Çünki dəqiq müəyyən edilməlidir ki, qəbul olunan hansı qərar perspektiv baxımından bizim milli maraqlarımıza cavab verir. Bunun üçünsə, ilk növbədə, qloballaşmanın mahiyyəti dərk edilməlidir".

Onun sözlərinə görə, indiki mərhələdə məqbul vəzifə milli informasiya məkanını qorumaqdır: " Əks təqdirdə, bu məkanda informasiyanın xaotik hərəkətinin şahidi olacağıq. Eynilə beynəlxalq münasibətlərdə olduğu kimi, “idarə edilən xaos” milli informasiya məkanını, informasiya resurslarını da idarə edəcək. Ən təhlükəlisi budur ki, milli informasiya məkanı yad qüvvələr tərəfindən idarə ediləcək. Belə olduqda, tək bir çıxış yolu qalır: milli informasiya məkanını qorumaqla qlobal informasiya məkanına inteqrasiya etmək. Bu, eyni zamanda, milli dövlətlərin informasiya cəmiyyətinin qloballaşma şəraitində əsas məqsədi olmalıdır".

Baş redaktor deyib ki, bu məsələdə Türkiyə, Azərbaycan və digər ölkələrin birgə informasiya məkanı yaratmaları və onun müdafiə mexanizmini formalaşdırmaları məqsədəmüvafiq olar: "Biz bu vahid platforma çərçivəsində özümüzə, yəni milli media institutuna yeni baxış formalaşdırmalıyıq. Yəni biz medianı artıq informasiya əldə edən və ötürən bir mexanizm kimi yox, milli təhlükəsizliyi təmin edən “yumşaq güc” kimi qəbul etməliyik. Çünki milli media məkanı xalqın və dövlətin təhlükəsizliyi baxımından mühüm önəm kəsb edir. Bu isə milli medai üçün böyük vəzifələr və məsuliyyət yaradır".

H. Babaoğlu bildirib ki, Türkiyə və Azərbaycan mediasının çoxsaylı ortaq – bənzər xüsusiyyətləri, dəyərləri var: "Azərbaycan və Türkiyə mediasının da üzərinə düşən vəzifə ilk olaraq medianın “yumşaq güc” olduğunu qəbul etməkdir. Yəni biz informasiya cəmiyyətini ideallaşdırıb, sadəcə, lazım olan və ya olmayan, milli dövlətçiliyimiz və dəyərlərimizə təhdid yaradan informasiyaları cəmiyyətə mexaniki olaraq ötürməməliyik. Məhz milli informasiya cəmiyyətlərimizin paradiqmaları, yuxarıda dediyimiz kimi, “yumşaq güc” fəlsəfəsinə söykənməlidir. Bu isə, bütövlükdə, medianın üzərində yeni məsuliyyət formalaşdıracaq. Beləliklə, “yumşaq güc” kimi çıxış edən media institutu bu məsuliyyəti və daşıdığı ictimai vəzifəni dərk edərək fəaliyyət göstərməklə həm milli informasiya məkanını, həm də milli dövləti qorumuş olacaq. Bu məsələdə hər nə qədər Azərbaycan, Türkiyə və burada olan digər ölkələrin mediası əlaqəli fəaliyyət göstərəcək və bir-birinə inteqrasiya edəcəksə, milli maraqlarımız da bir o qədər yaxşı qorunmuş olacaq. Çünki Türkiyə və Azərbaycanın milli maraqları qlobal kontekstdə vahid məqsəd kimi müəyyənləşib. Əməkdaşlıq mühitində hər iki ölkənin inkişafı və sabitliyi bir-birinə ciddi şəkildə təsir etməkdədir. Nəticə etibarilə, media da bu maraqları qoruyan bir vasitə kimi çıxış etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR