Azərbaycanda yeni Gömrük Akademiyası və tələbə şəhərciyi tikiləcək

Azərbaycanda yeni Gömrük Akademiyası və tələbə şəhərciyi tikiləcək
# 12 aprel 2013 10:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev arasında görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə A.Əliyev DGK-nın fəaliyyəti və son illər ərzində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib və bildirib ki, son bir neçə il ərzində Azərbaycanın gömrük sahəsi 2007-2011-ci illəri əhatə edən Dövlət gömrük orqanlarının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində sürətlə inkişaf edib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.

Ötən il qəbul olunmuş yeni Gömrük Məcəlləsinin beynəlxalq standartlara cavab verdiyini bildirən komitə sədri onu da əlavə edib ki, hazırda Azərbaycanın gömrük normativ bazası yenilənərək sözügedən məcəlləyə uyğunlaşdırılır.

A.Əliyev ölkədə gömrük sahəsində tətbiq olunan «Vahid pəncərə» sistemindən də danışıb və bildirib ki, bu sistem dünyada qabaqcıl sistemlərdən hesab olunur: «Hazırda Asiya İnkişaf Bankı Azərbaycanda gömrük sahəsində tətbiq olunan «Vahid pəncərə» sistemini dünyanın bir sıra ölkəsinə təklif edir və hətta bu sistemin tətbiqi üçün Bank ölkələrə maliyyə vəsaiti ayırmağa hazırdır».

Gömrük sahəsində müasir infrastruktura böyük diqqət yetirildiyini söyləyən A.Əliyev onu da əlavə edib ki, hazırda ölkənin bütün 7 sərhəd keçid məntəqəsi yenidən qurularaq fəaliyyət göstərir və bütün məntəqələr müasir tipli avadanlıqlarla təchiz olunub.

Azərbaycanda gömrük sahəsində kadr potensialının artırılması məsələsinə toxunan komitə sədri bildirib ki, yaxın gələcəkdə DGK Azərbaycanda yeni Gömrük Akademiyası və tələbə şəhərciyinin tikintisinə hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR