“Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabları bir neçə nominasiyada qalib olub

“Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabları bir neçə nominasiyada qalib olub
# 05 iyun 2013 12:03 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. Minskdə keçirilən “Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabları bir neçə nominasiyada qalib olub. Bu barədə APA-ya Mədəniyyət və Turizm nazirliyindən məlumat verilib. Məlumatına görə, MDB ölkələrinin "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə" Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən beynəlxalq "Kitab sənəti" müsabiqəsində Azərbaycan tərəfindən Dövlətlərarası Şuranın həmsədri, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu iştirak edib.


Ç. Əlioğlu "Kitab sənəti" beynəlxalq müsabiqəsi yarandığı gündən ölkəmizin bu tədbirdə fəal iştirak etdiyini və Azərbaycan kitablarının müxtəlif nominasiyalarda nailiyyət qazandığını bildirib: “Builki müsabiqəyə MDB ölkələrindən 7 nominasiya üzrə təxminən 150 adda kitab təqdim olunub. Yubiley müsabiqəsində Azərbaycan kitabları 3 nominasiyada birincilik qazandı. Müqayisə üçün deyim ki, builki müsabiqədə kitab nəşrində böyük təcrübəsi olan Rusiya, eləcə də Moldova, Türkmənistan və Ermənistanın təqdim etdiyi nəşrlər heç bir nominasiyada qalib gələ bilmədi".

Sektor müdiri mükafata layiq görülən kitablar arasında "Art kitab" nominasiyasında Nizami Gəncəvinin "Təhsil" nəşriyyatında nəşr olunan "Lirika" kitabının birinci olduğunu deyib: "Bu nominasiyada çox böyük və olduqca nəfis kitablar təqdim edilmişdi, nəticədə bizim kitab birinci yerə layiq görüldü. Bu yüksək nəşr mədəniyyəti ilə fərqlənən bir nümunə idi. Həmin nominasiya üzrə ikinci yeri Belarus, üçüncü yeri isə Ukrayna kitabı tutdu".

Müsabiqənin "Mədəniyyət. Elm. Təhsil" nominasiyasında Ədalət Vəliyevin müasir teatrın strukturlaşma proseslərindən bəhs edən kitabı birinci yerə layiq görülüb. Kitab "Leyla Əfəndiyevanın nəşr evi"ndə çap olunub. "Mənim ölkəm" nominasiyasında isə şair Vaqif Bəhmənlinin "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Maqomayev planeti" kitabı birinci yeri qazanıb.


Ç.Əlioğlu qeyd edib ki, hər il olduğu kimi, bu il də xüsusi diploma layiq görülən kitablarımız var. "Şərq-Qərb" nəşriyyatında çapdan çıxan "Ana" kitabı "Uşaq və gənclər üçün kitab" nominasiyasında xüsusi diplom qazanıb. Qran-Pri nominasiyasında isə professor Misir Mərdanovun "Azərbaycan təhsilinin tarixi" dördcildliyi xüsusi diplomla təltif olunub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Çingiz Əlioğlu, Faiq Hüsüyev, İlqar İsmayılov və Ülkər Əliyeva Minskdə "Gələcək naminə əməkdaşlıq: tarixi mədəni irs birlik faktı kimi" şüarı altında keçirilən VIII Belarus Beynəlxalq Media Forumunda da iştirak ediblər.

10-cu "Kitab sənəti" müsabiqəsinin mükafatların təqdimetmə mərasimi isə ənənəyə uyğun olaraq, sentyabr ayında Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR