Moskvada Heydər Əliyevin təntənəli yubileyi keçirilib - FOTOSESSİYA

Moskvada Heydər Əliyevin təntənəli yubileyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2013 00:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Moskvada İttifaqlar evinin Sütunlu salonunda Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub.

Tədbiri açan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, mayın 10-da zaman keçdikcə böyüklüyü və əhəmiyyəti daha çox başa düşülən, həmişə xatirəmizdə qalacaq Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Onun sözlərinə görə, Heydər Əliyevsiz yaşadığımız 10 il bizə göstərdi ki, Heydər Əliyev və Azərbaycanın taleləri həmişəlik bir-birinə bağlanaraq bir bütövə çevriliblər. «Bu günkü çiçəklənən, müstəqil və güclü Azərbaycan onun həyatının davamıdır», deyə o bildirib.

O qeyd edib ki, Heydər Əliyevin parlaq, gözlənilməz döngələr və cəsarətli çağırışlarla dolu həyatı olub. «O Yer üzündə təkrarolunmaz, möhtəşəm iz qoyub. Onun səyləri nəticəsində, bizim ölkəmiz tam müstəqillik əldə edib və dağılmaqdan xilas olub. Heydər Əliyev bu gün dünyanı öz iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə heyrətləndirən Azərbaycanı yaradıb. O ölkəmizi dünya siyasi arenasına çıxarıb. O bütün ömrünü Azərbaycan xalqının rifahına həsr edib», deyə Leyla Əliyeva bildirib.

Heydər Əliyevin Rusiya ilə əlaqələrindən danışan L.Əliyeva vurğulayıb ki, o uzun illər dünyanın ən böyük ölkəsinin hökumətindən rəhbər vəzifələri tutub və Azərbaycan müstəqillik əldə etdikdən sonra həmişə ölkələrimiz arasında münasibətlərin inkişafına böyük diqqət yönəldərək Rusiya prezidenti Vladimir Putinlə dostcasına və etimadlı münasibətləri yüksək qiymətləndirib, böyük rus dili və mədəniyyəti onun üçün həmişə əziz olub.

Leyla Əliyevanın sözlərinə görə, Heydər Əliyevin xarakterində müdriklik, cəsarət, qorxmazlıq və iradə birləşib. Hətta ən sərt dövrlərdə o səmimi hisslərini qoruyub saxlaya bilib. «Mən Heydər Əliyevi təkcə ölkənin rəhbəri və millətin lideri kimi yox, həm də özümə ən əziz, yaxın, doğma bir insan kimi tanımışam. Mənim üçün o ilk növbədə baba və ən yaxın dost idi. Mən həmişə ondan ötrü darıxıram, eyni zamanda o yaxınımdadır, mən onun gücünü, müdafiəsini və sevgisini hiss edirəm. Azərbaycan xalqı da bunu hiss edir və ona qarşılıqla sevgi və böyük hörmətlə cavab verir. Heydər Əliyev Azərbaycanın tarxində bütöv bir mərhələdir və bu mərhələ onun getməsiylə bitməyib», deyə bildirən L.Əliyeva çıxışının sonunda Heydər Əliyevə həsr etdiyi şeirlərini oxuyub.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin vurğulayıb ki, dünya tarixində ətrafında çoxlu insanları toplaya bilən adlar var və Heydər Əliyevin də adı belə görkəmli şəxsiyyətlərlə bir sıradadır. Rusiya parlamentinin aşağı palatasının spikerinin sözlərinə görə, Heydər Əliyevin həyat yolu və siyasi irsi nəinki Azərbaycan, həm də Rusiya üçün qiymətlidir.

«Heydər Əliyevin taleyi Azərbaycanın tarixini əks etdirir. Onun özü də bu ölkənin tarixinə bir neçə çox vacib fəsil yazıb. Sovet Azərbaycanına rəhbərlik edəndə o respublikanı qabaqcıl və dinamik inkişaf edən respublikalar sırasına çıxarıb. O həmçinin müasir Azərbaycanın qurulmasına ən böyük, həlledici töhfəni verib. Onun həyatının nümunəsində parlaq, müstəqil və məsuliyyətli şəxsiyyətin tarixdə oynaya biləcəyi rolu görürük. Heydər Əliyev ciddi və məsuliyyətli qərarları qəbul edib bilib. Heydər Əliyev öz ölkəsini, xalqını çox sevirdi, ona sadiq idi. Bununla belə o millətlərarası və beynəlxalq dialoqun möhkəmlənməsinə, bizim dost əlaqələrimizin inkişafına böyük diqqət göstərirdi. Biz onun Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında oynadığı tarixi rolu yüksək qiymətləndiririk», deyə S.Narışkin qeyd edib.

Təntənəli mərasim çərçivəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin Heydər Əliyev mükafatı təqdim olunub. Bu il mükafatın laureatları «Rossiyskaya qazeta»nın baş redaktoru Vladislav Fronin, Moskva Dövlət Linqvistik Universitetinin rektoru İrina Xaleyeva, Multimedia-Art Muzeyinin direktoru Olqa Sviblova və məşhur kinorejissor Andrey Mixalkov-Konçalovski olublar.

Rəsmi hissədən sonra «Heydər Əliyevin sevimli əsərləri» konsert proqramı nümayiş etdirilib.

Xatırladaq ki, təntənəli tədbirdə Rusiyanın rəsmi şəxsləri Rusiya prezidenti administrasiyası başçısının müavini Məhəmmədsalam Məhəmmədov, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov, Rusiya xarici işlər nazirinin müavini Qriqorii Karasin, MDB İcraçı komitəsinin direktoru Sergey Lebedev, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Yekaterinburqdakı konsulu Soltan Qasımov, Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərov, Rusiyanın azərbaycanlı təşkilatlarının rəhbərləri və nümayəndələri, iki ölkənin elmi-yaradıcı ziyalıları, Rusiya azərbaycanlılarının Federal-Milli Muxtariyyəti “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR