Benzinin bahalaşması Milli Məclisdə müzakirə olunub - YENİLƏNİB

Benzinin bahalaşması Milli Məclisdə müzakirə olunub - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2013 09:47 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat İqbal Ağazadə bildirib ki, büdcə müzakirə olunanda qiymət artımı haqda sual verilib, amma hökumət nümayəndələri konkret cavab verməyib.

Deputat bunu müəmma adlandırıb: “Hökumətin o vaxt təkzib etməsinə baxmayaraq, artıq qiymətlər qalxıb. Tarif Şurasının bu addımına nə ehtiyac var idi? Bunun əsası olmalıdır. Bu qiymət artımı ərzaq məhsullarının qalxmasına da səbəb olub. Gələn ilin sentyabrından qiymətlər ən azı 90% qalxacaq. Daxili bazarın qorunmasına bunun necə təsiri olacaq? Xaricdən ərzaq gətirilməsə, ərzaq təhlükəsizliyi məsələsini necə qoruyacağıq? Mən hökuməti izahat verməyə tələb edirəm”.

Deputat Zahid Oruc isə bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri tənzimləyən siyasət hər bir ölkədə baş verir: “Əslində bunu hökumət nümayəndələri qeyd etmişdi. Bu qiymətin qalxması yanvarın 1-də olsaydı, nələr ola bilərdi? Odur ki, qiymət artımının məhz indi olması normaldır. Həm də qiymətin birinin qalxması digər məhsullara da təsirini göstərəcək. Odur ki, bu məsələyə diqqət edilməlidir”.

Deputat Fazil Mustafa isə qiymət artımı barədə öncədən məlumat verilməli olduğunu bildirib: “Mən hökumətin bu siyasətini qəbul etmirəm və iradımı bildirirəm. Vilnüs sammitində prezidentin qərarları çox yaxşıdır. Yaxşı olardı ki, cənab prezidentin bu uğurlu xarici siyasətini hökumət də daxildə həyata keçirəydi”.

Deputat Siyavuş Novruzov isə çıxışına Vilnüs sammitindən başlayıb: “Bu uğurdur. Bu balans siyasətinin bariz nümunəsidir. Azərbaycan bütün qurumlarla əməkdaşlığını davam etdirir. Azərbaycan bir daha göstərdi ki, bu ölkəyə heç kim diktə edə bilməz”. O, qiymət artımı ilə bağlı F.Mustafanın söylədiklərinə də cavab verib: “Qiymət artımı haqda danışıldı. Sanki Azərbaycan hökuməti Fazil Mustafa qədər bu xalq haqda düşünmür, təhlil aparmır. Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əmək haqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir. Hesab edirəm ki, Fazil Mustafa da neftdən gələn gəlirlərdən yaxşı istifadə edir...”

Spiker Oqtay Əsədov isə Fazil Mustafanın velosiped yollarının çəkilməsi ilə bağlı təklifinə münasibət bildirib: “Fazil bəy velosiped yolları ilə bağlı təklifi ironiya ilə desə də, hər yerdə bundan istifadə edilir. Bu pis şey deyil. Parisdə və digər şəhərlərdə bundan gen-bol istifadə olunur”.

Vilnüs sammitindən danışan deputat Qüdrət Həsənquliyev sammitin nəticələrinin Azərbaycan üçün uğurlu olduğunu deyib. Deputat qeyd edib ki, Azərbaycan bundan sonra da Rusiya ilə münasibətləri gərginləşdirməməlidir: “Biz torpaq işğalı məsələsini Rusiya ilə çözməliyik. Biz bilirik ki, islamafobiya, xristian həmrəyliyi var. Odur ki, Rusiya və ABŞ hər zaman Ermənistanı müdafiə edir”.

Q. Həsənquliyev qiymət artımı məsələsinə də toxunub: “Avtomobillərin sayı artır. İldə ölkəyə 100 min avtomobil daxil edilir. Fikrimcə, daha çox bahalı avtomobillərin istifadə etdiyi 95 markalı yanacağın qiymətinin qaldırılması doğrudur. Dizelin qiymətinin 45 qəpikdən 60 qəpiyə qaldırılması isə xeyli bahalaşma deməkdir. Bununla kənd təsərrüfatının inkişafına təkan verə bilməyəcəyik. Hökumət bu siyasətə yenidən baxmalıdır. İctimai nəqliyyatın vəziyyəti isə ürəkaçan deyil. İctimai nəqliyyatda və metroda sıxlıq var. İctimai nəqliyyatda vəziyyəti düzəltmədən qiymət artımına getmək doğru deyil. Mən hökuməti tramvay çəkilişinə dəvət edirəm. Artıq Gəncədə bu işə başlanılıb”.

Spiker Oqtay Əsədov deyib ki, hamı qiymət artımının kənd təsərrüfatına təsirindən danışır: “Halbuki kənd təsərrüfatına dizel yanacağı güzəştli verilir. Xahiş edirəm, bu məqamı nəzərə alın”.

Deputat Sabir Rüstəmxanlı da qiymət artımına etiraz edib: “İki gün sonra insanların qiymət artımına necə münasibət göstərəcəklərini təsəvvür etmirəm. Mən bir rayona gedəndə az qala bir təqaüdçünün məvacibinin yarısını xərcləyirəm. Onda Milli Məclis zəhmət çəksin və bizim bu xərclərimizi ödəsin”.

O. Əsədov isə bildirib ki, Milli Məclis heç kimin qarşısında öhdəlik götürməyib: “Son zamanlar bu haqda çox müraciətlər edirlər, avtomobil istəyirlər və s. Biz bu məsələyə baxacağıq. Onsuz da bununla bağlı maliyyə ayrılır və artırılır. Amma siz deputatsınız, çıxışınıza bir qədər diqqət edin”.

İqtisadçı deputat Vahid Əhmədov isə qiymət artımı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, artım gözlənilən olub, amma bu səviyyədə yox: “Ən azı yanacağın qiymətinin 27-30 faiz artırılması gözlənilmirdi. Biz düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər. Hətta, mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarısından olsun. Ancaq Tarif Şurası bu ilin sonunda bu qərarı verdi. Təbii ki, yanacağın qiymətinin artması digər sahələrdə də artıma səbəb olacaq. Yanacağın qiymətinin qalxması ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşımada da qiymət artımına səbəb ola bilər. Hesab edirəm ki, bu məsələdə əsas məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Sahibkarların subyektiv səbəblərdən istifadə edib, qiymətləri qaldırmasına imkan verilməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR