FİFA Ukrayna yığmasının 3 xalını silə bilər

 FİFA Ukrayna yığmasının 3 xalını silə bilər
# 21 sentyabr 2013 09:15 (UTC +04:00)

Bakı – APA. FİFA Ukrayna millisini sərt şəkildə cəzalandıra bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Sergey Storojenko məlumat verib.

Assosiasiya rəsmisi yerli mətbuata açıqlamasında DÇ-2014-ün seçmə mərhələsində H qrupunda yer alan Ukrayna yığmasının 3 xalının silinmə ehtimalının olduğunu dilə gətirib. Buna səbəb isə sentyabrın 6-da Lvov şəhərində keçirilən Ukrayna – San Marino (9:0) görüşü zamanı yerli azarkeşlərin yığmanın milliləşdirilmiş braziliyalı üzvü Edmara irqçi davranışlarıdır.

Storojenko Polşa ilə ev oyununu boş tribunalar önündə keçirmək təhlükəsinin də real olduğunu söyləyib. O, artıq məsələ ilə bağlı FİFA-dan məktub aldıqlarını dilə gətirib: “FİFA-nın bəzi iddiaları ilə razılaşmadıq. Cavab məktubunda bildirdik ki, ukraynalı azarkeşlər millimizin üzvü Edmara qarşı irqçi hərəkətlərə yol verə bilməzlər. Bu futbolçu 10 ildən çoxdu ölkəmizdə yaşayır və ukraynalı xanımla evlidir. Özü də, azarkeşlərimizin sevimlisidir. Ümid edirik ki, FİFA mövqeyimizi başa düşəcək. Lakin cəza almaq riski böyükdür. FİFA yekun qərarını sentyabrın 27-dək açıqlayacaq”.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində H qrupunda yer alan Ukrayna millisi hazırda 2-ci pillədə qərarlaşıb. Mixail Fomenkonun rəhbərlik etdiyi kollektivin hesabında 15 xalı var və ilk sıradakı İngiltərə yığmasından 1 xal geri qalır. Lakin “üçlüy”ü qapayan Çernoqoriya da keçirdiyi 8 oyundan 15 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR