Azərbaycan və Türkiyənin qadın sahibkarlar əməkdaşlığı genişləndirir

Azərbaycan və Türkiyənin qadın sahibkarlar əməkdaşlığı genişləndirir
# 13 may 2014 15:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Qadın Sahibkarlığın inkişafı” komissiyasının sədri Jalə Hacıyeva Türkiyədən ölkəmizə səfərə gəlmiş bir qrup qadın iş adamları ilə görüşüb.

APA-Econommics”in xəbərinə görə, görüşdə 20-dək azərbaycanlı və türkiyəli qadın iş adamları iştirak edərək, mövcud əlaqələr və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

J. Hacıyeva bildirib ki, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. O, “Qadın Sahibkarlığın inkişafı” komissiyası haqqında da qonaqlara məlumat verərək, gələcəkdə nəzərdə tutulan layihələrdən də söhbət açıb. O bildirib ki, Türkiyədən ölkəmizə gələn qadın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəridə iki ölkədə özəl sektorun inkişafına dəstək verən təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəkdir.

Bununla bağlı böyük potensialın mövcudluğunu vurğulayan J. Hacıyeva mümkün əməkdaşlıq istiqamətləri haqqında da qonaqları məlumatlandırıb.

Türkiyəli qonaqlar ölkəmizə səfərlərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Türkiyəli xanım sahibkarların da ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Qonaqlar müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər. Qeyd ediblər ki, hazırda Azərbaycanda bir sıra türk şirkətləri fəaliyyət göstərir, ticarət əlaqələrimiz genişlənir. Türkiyənin xanım iş adamları da bu bazarda yer tapmaq niyyətindədirlər.

Daha sonra görüş ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkət rəhbərləri ilə ikitərəfli söhbətlərlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR