Azərbaycanda qeyri-leqal əməyə cəlb olunanlarla bağlanan əmək müqavilələrinin sayı 34,5% artıb

Azərbaycanda qeyri-leqal əməyə cəlb olunanlarla bağlanan əmək müqavilələrinin sayı 34,5% artıb
# 05 iyun 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin may ayında qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 685 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 34,5% çoxdur.

İşəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətləri üzrə əlavə şərtlərə dair bağlanılan kollektiv müqavilələrin sayı isə 85%-ə yaxın artaraq 61 ədəd təşkil edib.

Qeyd olunan müddətdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 47 208 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 2 dəfədən də çoxdur. Həmin məbləğin 43 044 manatı əmək haqlarından, 3 789 manatı zərərə görə ödənclərdən, 375 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR