Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb

Azərbaycan və Mərakeş arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb
# 13 may 2014 15:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində mayın 12-də Rabatda iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, imzalanmadan əvvəl DGK-nın sədri Aydın Əliyev Mərakeş Krallığının Gömrük və Vergi Administrasiyasının baş direktoru Zuhr Şorgi ilə görüşüb.

Görüşdə Mərakeş tərəfinə Azərbaycan iqtisadiyyatı və vergi islahatları barədə məlumat verilib. A.Əliyev ölkəmizdə gömrük xidmətinin inkişafından, beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, istər qanunvericilik bazasının möhkəmləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb. O, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan gömrüyünün modernləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdir. Bu istiqamətdə Azərbaycan Mərakeşlə əməkdaşlığa böyük önəm verir.

Mərakeş Gömrük və Vergi Administrasiyasının baş direktoru Zuhr Şorgi isə əməkdaşlıq sazişinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əmin olduğunu söyləyib. Bildirilib ki, sənədin imzalanmasından sonra qarşılıqlı səfərlər təşkil olunacaq, kadrların təcrübə mübadiləsi aparılacaq.

Mayın 12-də A.Əliyev Mərakeş Krallığının iqtisadiyyat və maliyyə naziri əl-Əzəmi əl-İdrissi ilə də görüşüb. Görüşdə Azərbaycan-Mərakeş iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR