Türkiyənin bəzi vilayət və qəsəbələrində təkrar bələdiyyə seçkisi keçirilib

Türkiyənin bəzi vilayət və qəsəbələrində təkrar bələdiyyə seçkisi keçirilib
# 02 iyun 2014 07:26 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İyunun 1-də Türkiyənin bəzi vilayət, rayon və qəsəbə bələdiyyələrinə təkrar seçki keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, martın 30-da keçirilmiş bələdiyyə seçkilərinin bəzi vilayət, rayon və qəsəbələrdəki nəticələri ilə bağlı Ali Seçki Şurasına edilən etirazlardan sonra təşkil olunan təkrar seçkidə iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) Ağrı və Yalova vilayətlərində yenə qalib gələ bilməyib.

Ağrıda kürd təmayüllü siyasətin radikal simalarından olan Barış və Demokratiya Partiyasının liderlərindən biri, millət vəkili Sırrı Sakık qələbə qazanıb. Yalovada isə 30 martda keçirilmiş seçkidə 6 səslə qalib gəldiyi açıqlanan ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının namizədi Vəfa Salman bu dəfə təxminən 200 səs fərqiylə qalib gəlib. AKP sədrinin müavini Əbdülhəmid Gül Yalovadakı seçkinin nəticəsinə yenidən etiraz edəcəklərini bildirib.

30 martdakı seçkinin nəticələrinə edilən etirazlardan sonra ölkənin müxtəlif rayon və qəsəbələrində yenidən keçirilən seçkilərdə AKP 5, Milliyyətçi Hərəkat Partiyası (MHP) 3, Cümhuriyyət Xalq Partiyası (CHP) 2, Səadət Partiyası 1, Barış və Demokratiya Partiyası (BDP) 1 bələdiyyədə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR