Azərbaycan və Rusiyanın Stavropol diyarı arasında bir sıra sənəd imzalanıb

Azərbaycan və Rusiyanın Stavropol diyarı arasında bir sıra sənəd imzalanıb
# 03 aprel 2014 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan – Rusiya biznes forumu baş tutub.

APA-Economics”in verdiyi məlumata görə, biznes forum Rusiyanın Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun təşkilatçılığı ilə baş tutan biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, təhsil, maliyyə, turizm və s. sahələri əhatə edən 170-ə yaxın iş adamı iştirak edib.

Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin sözlərinə görə, son 4 ildə qədər Azərbaycan və Rusiyanın regionları arasında ümumilikdə 16 bu cür işgüzar görüş, sərgi və biznes forumlar keçirilib.

O bildirib ki, bu gün iki ölkə arasında iqtisadi-siyasi əlaqələr olduqca yüksəkdir: “Azərbaycanda 570 Rusiya investisiyalı şirkət fəaliyyət göstərir. Ötən il Rusiyadan Azərbaycana 628,4 mln. dollar investisiya yatırılıb. Son 10 ildə Azərbaycandan Rusiyaya yatırılmış ümumi investisiyaların həcmi 1 mlrd. dollardan artıqdır”.

S. Babayev vurğulayıb ki, bu əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var: “Bu gün keçirilən biznes forum da Azərbaycan ilə Rusiya regionları arasında iqtisadi əlaqələri genişləndirmək üçün atılan növbəti addımdır. Azərbaycan Rusiyanın iqtisadi əlaqələrini daha da genişləndirilməsi istiqamətində öz töhfəsini verəcək”.

A. Murqa bildirib ki, Stavropolla Azərbaycanı bir çox yaxın əlaqələr birləşdirir. Onun sözlərinə görə, Azərbaycan Stavropol diyarı üçün ilk ixrac bazarı olan tərəfdaşdır: “Azərbaycan Stavropol üçün ixrac etdiyi məhsulların siyahısında lider ölkədir. Bu gün diyarımızdan Azərbaycan qarğıdalı, buğda ixracı daha çoxluq təşkil edir. Bunun nəticəsində Stavropolla Azərbaycan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq ötən il 200 mln. dollar təşkil edib”.

A. Murqa qeyd edib ki, Azərbaycanın illik buğda təlabatı 1 mln ton təşkil edir: “Stavropol vilayəti isə ildə 3 mln. ton buğda ixrac etmək gücündədir. Biz bunu Azərbaycan üçün həyata keçirməyə hazırıq. Bundan başqa, Stavropol Azərbaycana dənli bitkilər, yağ istehsalı üçün yağlar da və digər kənd təsərrüfatı məhsulları ixrac edə bilər”.

O bildirib ki, Stavropol vilayəti Azərbaycanla turizm sahəsində əməkdaşlıq etməyə hazırdır: “Bu gün Stavropolda müxtəlif kurortlar və turizm mərkəzləri fəaliyyət göstərir və biz azərbaycanlıları burada istirahət etməyə dəvət edirik”.

O bildirib ki, Stavropol bütün Azərbaycan şirkətləri üçün açıqdır və buradakı iş adamlarını bu diyara sərmayə yatırmağa dəvət edirik.

Biznes forumun çərçivəsində Azərbaycan və Stavropol diyarı arasında Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropol “Kurortlar Birliyi” holdinqi, həmçinin Azərbaycan Həmkarlar İnttifaqları Konfederasiyası və Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının “Profkurort” Sanatoriya-Kurort Birliyi arasında 3 anlaşma memorandumu imzalanıb.

Biznes forumun sonunda Azərbaycan və Stavropol diyarından olan iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR