Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq

Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Memorandum imzalanacaq
# 13 may 2014 14:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri 13-15 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi, əqli mülkiyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə müzakirələrin aparılması, F. Qarrinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi gözlənilir. Həmçinin Azərbaycan hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

BMT-nin 16 ixtisaslaşmış təşkilatından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) dünyada əqli mülkiyyət sahəsində aparılan işlərin idarəçiliyini həyata keçirən hökumətlərarası təşkilatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR