Azərbaycanın bölgələrində ilk məktəb və uşaq bağçaları günəş enerjisi ilə təminat sisteminə keçirilib

Azərbaycanın bölgələrində ilk məktəb və uşaq bağçaları günəş enerjisi ilə təminat sisteminə keçirilib
# 14 yanvar 2014 10:38 (UTC +04:00)

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, Agentlik Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeni layihələr həyata keçirib.

Belə ki, Dövlət Agentliyi Biləsuvarda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 6 məktəb və 6 uşaq bağçasının elektrik enerjisi və istilik enerjisi ilə təminatının alternativ enerji hesabına ödənilməsi layihəsini həyata keçirib. Bu məktəb və bağçalarda istilik və elektrik enerjisi öz hesabına - məktəb və bağçalarda quraşdırılmış günəş panelləri və istilik nasosları vasitəsi ilə ödəniləcək.

Bundan başqa, Dövlət Agentliyi bu rayondakı məktəb və bağçaların yenidən qurulması və məktəblərdə yeni qazanxana binasının tikintisini də öz üzərinə götürüb. Agentlikdən bildiriblər ki, bu inzibati binalar tikilərkən orada istilik sistemi quraşdırılmayıb: «Uzun illər istifadədən sonra məktəb və bağçaların taxta döşəmələri yararsız hala düşüb, şüşələri tək qat qalıb və çoxu sınmış vəziyyətdə olub. Bağçalarda isə beton döşəmə çöküb, qapıların hermetikliyi aşağı səviyyədə idi. Bu bağçalarda heç istilik sistemi də quraşdırılmamışdı».

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi layihəni həyata keçirdikdən sonra qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki məktəb və bağçalarda döşəmələr yenisi ilə əvəz olunub, isti döşəmə sistemi çəkilib, təkqat şüşələr ikiqat şüşələrlə əvəz olunub, sınmış şüşələr dəyişdirib, qapılar əvəzlənib. Bundan başqa, məktəbdə yeni qazanxananın tikintisi, elektrik sisteminin dəyişdirilməsi və inzibati binaların təmiri həyata keçirilib. Məktəbin sinif otaqları və digər otaqların döşəməsində laminat, dəhlizdə və bufetdə isə metlaxdan istifadə olunub.

Bundan başqa, burada yeni müasir qazanxana tikilərək istifadəyə verilib. Məktəb və bağçanın istilik sistemini qazanxana ilə əlaqələndirmək üçün dəmir borulardan istifadə olunub. Hər bir qazanxanada ümumi gücü 49,5 KVt olan 198 ədəd günəş paneli və ümumi gücü 135 KVt olan 3 ədəd istilik nasosları quraşdırılıb. Layihə üzrə ümumi olaraq 1 188 günəş paneli (ümumi güc - 297 KVt) və 18 ədəd istilik nasosu (ümumi güc - 810 KVt) istifadə edilib.

Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonunun qaçqın və məcburi köçkünləri üçün salınmış 6 qəsəbədə 6 məktəb və 6 bağçada alternativ enerji mənbələri hesabına istilik və enerji təchizatı layihəsi Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib. Artıq bu ilin əvvəlindən məktəb və bağçalar istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR