İranın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb

İranın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb
# 12 aprel 2014 10:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın BMT-dəki daimi nümayəndəliyi Ağ Evin İranın yeni daimi nümayəndəsi Həmid Əbutalıbiyə viza verməyəcəyini rəsmi şəkildə bəyan etməsindən sonra açıqlama yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, açıqlamada deyilir ki, belə bir qərar əsassız, beynəlxalq hüququn kobud şəkildə pozulması və BMT yanında fəaliyyət göstərən ölkələrin öhdəliklərinə ziddir: “Bu addım BMT-də öz daimi nümayəndələrini müəyyənləşdirən müstəqil dövlətlərin hüquqlarının pozulmasıdır. İran İslam Respublikası hər cür diplomatik yola baş vurmaqla bu qanunsuz akta öz etirazını bildirəcək”.

Qeyd edək ki, H. Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H. Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin ələ keçirilməsi və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ona görə də ABŞ H. Əbutalıbiyə bu ölkənin ərazisinə daxil olması üçün viza verməyəcəyini açıqlayıb.

H. Əbutalıbi isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR