Bakıda “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib - VİDEO - FOTOSESSİYA

Bakıda “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2014 10:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyatı dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov müasir yanaşma prinsipi əsasında və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bütün sahələrdə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu islahatların aparıldığını vurğulayıb: “Bu tədbirin keçirilməsində məqsəd də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılmasıdır”.

S.Müslümov bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və s. istiqamətlərdə Azərbaycanın gələcək illər üçün inkişaf prioritetləri müəyyən edilib.

Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını nəzərə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk dinamik sosial-iqtisadi inkişaf mərhələsini yaşayan Azərbaycanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq təcrübələrindən danışaraq, bu əməkdaşlığın nəticə etibarilə fəaliyyət sahələrində müasir tələblərə uyğun yanaşmaların tətbiqinə yönəldiyini bildirib. Ölkəmizdə aparılan islahatlar prosesinin BMT-nin İnkişaf Proqramı tərəfindən maraqla izlənildiyini qeyd edən A.Bruk cəmiyyətin ümumi rifahında mütərəqqi yeniliklərə şərait yaradan islahatlara bundan sonra da dəstək verəcəklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR