“Xalq Bank” birinci rübü kəskin zərərlə başa vurub

“Xalq Bank” birinci rübü kəskin zərərlə başa vurub
# 24 aprel 2014 13:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Xalq Bank”in aktivlərinin həcmi 2014-cü ilin I rübündə 1 mlrd. 187,958 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,5% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 41% artaraq 979,458 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 61,629 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 46,8% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 51,728 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 30,9% çoxdur və kreditlərin 39,214 mln. Manatı (75,8%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 4,2 dəfə artaraq 109,463 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 28,2% artaraq 774,717 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 633,75 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 45,1% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,2% azalaraq 177,957 mln. manata çatdığı halda, nizamnamə kapitalı 8,6% artaraq 183,693 mln. 18 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,26 dəfə artaraq 40 mln. 403,9 min manat, xərcləri isə təxminən 4 dəfə artaraq 63 mln. 827,4 min manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi zərər 23 mln. 423,5 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 24 filialı, 41 bankomatı, 119 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR