Gürcüstan prezidenti parlament qarşısında illik hesabatla çıxış edib

Gürcüstan prezidenti parlament qarşısında illik hesabatla çıxış edib
# 22 fevral 2014 07:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlamentdə illik hesabatla çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident çıxışına Ukraynada baş verən hadisələr zamanı həlak olanların xatirəsinə bağlı bir dəqiqəlik sükut elan edib. Sonra o, ölkə üçün vacib məsələlər barədə illik hesabatla məruzə edib.

Georgi Marqvelaşvili məruzəsində ölkədə qəbul olunan yeni qanunlar, Konstitusiya yenilikləri və digər vacib məsələlər haqqında danışıb. Gürcüstan prezidenti parlamentdəki çıxışında Ukrayna hadisələrinə də münasibət bildirib: “Heç bir hakimiyyət öz xalqına qarşı silahdan istifadə etməməlidir. Ümid edirik ki, Ukrayna prezidenti dialoq və barışıq üçün dəqiq siyasi addım atacaq”.

Prezident çıxışında Gürcüstan-Rusiya münasibətləri barədə mövqeyini də açıqlayıb: “Rusiyanın Gürcüstanın içlərinə doğru 11 kilometr məsafədə tikanlı məftillər çəkməsi Rusiya və Gürcüstan arasında olan müsbət dəyərlərə ciddi ziyan vurur. Buna baxmayaraq, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin, ərazi bütövlüyü və suverenliyinin milli mənafe prinsiplərini tam nəzərə alaraq, paralel şəkildə tərəfdaşlarla birlikdə Rusiya ilə dialoqu dərinləşdirməyə, eyni zamanda Avropa və Avroatlantik strukturlara inteqrasiyaya hazırıq. Bu prinsiplər əsasında biz bu mürəkkəb addımları atmaq niyyətindəyik. Bunun çox çətin yol olduğunu bilirik, lakin bu, yeganə yoldur”.

Qeyd edək ki, Gürcüstan parlamentində prezidentin çıxışı zamanı diplomatlar, beynəlxalq təşkilatların və müxtəlif konfessiyaların nümayəndələri olsalar da, hökumət nümayəndələri iştirak etməyib. Parlamentdəki azlığın nümayəndəsi Georgi Qabaşvili buna etiraz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR