Milli Məclis Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısının Qəbələ Bəyannaməsini təsdiq edib

Milli Məclis Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısının Qəbələ Bəyannaməsini təsdiq edib
# 22 oktyabr 2013 10:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Səməd Seyidov məlumat verib.


Müzakirələr zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı deyib ki, təqdim olunan sənəd ciddi sənəddir: “Türk birliyinin günü-gündən güclənməsi yaxşı haldır. Şərqdə Çin, şimalda Rusiya, cənubda İran var. Ortada isə türk xalqı var. Vaxt ilə Türkmənistanda Qarabağ məsələsi deyən insanları qovurdular. Yaxşı haldır ki, indi bu dövlətin başçısı Qarabağdan danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Deputat Fəttah Heydərov türkdilli dövlətlərin zirvə toplantısının Qəbələdə keçirilməsini, mühüm sənədlərin qəbul olunmasını əhəmiyyətli hadisə adlandırıb: “Sevinirəm ki, bu mötəbər tədbir məhz mənim deputat olduğum rayonda keçirilib. Naxçıvanda keçirilən zirvə toplantısında dörd dövlət iştirak etdi. İnanıram ki, yaxın dövrdə digər türk dövlətləri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olacaqlar. Bu da dünyada sülhün, əmin-amanlığın təmin edilməsində öz rolunu oynayacaq. Şuranın növbəti toplantısı Türkiyədə olacaq və mən də orada iştirak edəcəyəm”.

F.Heydərov daha sonra seçkilərdən danışıb, demokratik seçkilərin keçirildiyini deyib. Əlavə edib ki, xalq yenə də inkişafa səs verib: “Seçkilər zamanı inkişafa əks olan qüvvələri müzakirə etməyə ehtiyac yoxdur. Biz qürurla deyə bilərik ki, Azərbaycan xalqı öz müstəqilliyini dəyərləndirən və sona qədər davam etdirmək istəyən müdrik xalqdır. Bu seçkilər onu göstərdi. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Əlbəttə, inkişafın qarşısını almaq üçün eybəcər hallar da olur. Biz buna fikir verməməliyik”.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR