Gürcüstanın Marneuli rayonunda "Cənubi Qafqazda təhlükəsizlik məsələləri" mövzusunda görüş keçirilib - FOTOSESSİYA

Gürcüstanın Marneuli rayonunda "Cənubi Qafqazda təhlükəsizlik məsələləri" mövzusunda görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2013 01:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sentyabrın 27-də Marneulinin Təkəli kəndində “Cənubi Qafqazda təhlükəsizlik məsələləri” mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Təkəli Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan və Ermənistandan gələn partiya sədrləri, Avropa Monitorinq missiyasının Gürcüstana səfər edən nümayəndə heyətinin üzvü, QHT rəhbərləri, Tiflisdən, Cənubi Osetiyadan, Qazaxdan, Tovuzdan və Ermənistanın Gürcüstanla qonşu olan rayonlarından gələn QHT nümayəndələri, məktəb direktorları, yerli və əcnəbi jurnalistlər, habelə Təkəli kənd sakinləri iştirak edib.

Tədbirdə Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev çıxış edib. O, görüş iştirakçılarına rəhbərlik etdiyi partiya ilə bağlı məlumat verib, habelə Cənubi Qafqazda təhlükəsizlik məsələlərindən danışıb.

Sonra tədbirdə Amerikadan gələn və Ermənistanda prezidentliyinə namizəd olmuş, “Milli Özünütəyinetmə Birliyi” partiyasının lideri Paruyr Ayrikyanın vəkili Vrez Zatikyan çıxış edib. Sovet vaxtında baş verən bütün hadisələrin DTK tərəfindən törədildiyini deyən V.Zatikyan Sumqayıt hadisələrini də bu qurumun təşkil etdiyini vurğulayıb.

Parur Ayrikyan isə çıxışı zamanı Ermənistanda onu başa düşməyən qüvvələrin olduğunu deyib. O bildirib ki, üç gün əvvəl erməni mətbuatında dərc olunan yazılarda azərbaycanlı ilə şəkil çəkdirdiyinə görə ona irad tutublar. “Mətbuat məni “nə üçün ermənini söyən azərbaycanlı ilə şəkil çəkdirmisən?” deyə günahlandırıb. Bu gün mətbuat konfransı keçirməliydim. Düşündüm ki, əgər məni günahkar çıxarırlarsa, hər şeyi atıb sülhə can atan insanların yanına gedəcəm. Ona görə də bu toplantıya gəldim”.

Görüşdə avqustun 17-də Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbs edilən Gürcüstan vətəndaşı Allahverdi Pələngovdan da danışılıb. Təcridxanada saxlanılan A.Pələngovun vəziyyəti ilə bağlı məlumat verən Təkəli Assosiasiyasının sədri Georgi Vanyan Ermənistanın güc strukturlarının süründürməçiliyindən bəhs edib. “Əgər biz özümüzü müdafiə etməsək, heç kim bizim hüquqlarımızı qorumayacaq və “Pələngovların” sayı artacaq. Buna görə də biz Ermənistan-Gürcüstan sərhədində monitorinq qrupu yaratmalıyıq”, - deyə o vurğulayıb.

Sonra A. Pələngovun əmisi oğlu Süleyman Pələngov çıxış edib.

Tədbir zamanı azərbaycanlı və erməni gənclər arasında qısa mübahisə də düşüb. Təkəli Asosiasiyasının sədri mübahisə edənləri sakitləşdirdikdən sonra tədbir davam edib. Görüş insidentsiz başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR