«Azəriqaz» bir sıra xidmətlərini «ASAN Xidmət» mərkəzi vasitəsilə göstərəcək

«Azəriqaz» bir sıra xidmətlərini «ASAN Xidmət» mərkəzi vasitəsilə göstərəcək
# 06 fevral 2014 07:13 (UTC +04:00)

Bakı – APA. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi fevral ayından etibarən abonentlərə 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində xidmətlərini təklif edəcək. Yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək.

«Azəriqaz» İB-dən APA-ya bildirilib ki, göstəriləcək xidmətlərə itirilmiş smart kartın bərpası, artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldonun çap olunması və borc haqqında məlumatın verilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi aiddir.

Belə ki, smart kartın bərpası üçün qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi və yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır.

Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi xidməti, habelə saldonun çap olunması və borc haqqında məlumatın verilməsi üçün isə heç bir rüsum tələb olunmur.

Smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi üçün həmçinin mülkiyyəti təsdiq edən sənədlərin əsli (mülkiyyətin qeydiyyat vərəqəsi və yaxud alqı-satqı müqaviləsi) tələb olunur. Bu xidmət üçün də rüsum tələb olunmur.

Elektron sayğacların istismarı ilə bağlı məlumatların verilməsi üçün isə ümumiyyətlə sənəd və rüsum tələb edilmir.

Qeyd edək ki, bütün xidmətlər yalnız «ITRON-SOCAR» sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə «Azəriqaz» tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən «ASAN Xidmət» mərkəzlərini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR