Xarici investorlar Balaxanı Sənaye Parkına maraq göstərir

Xarici investorlar Balaxanı Sənaye Parkına maraq göstərir
# 06 may 2013 12:37 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin 24 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də Azərbaycanda sənaye parkının yaradılması, onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı, sənaye parkının rezidentlərinin fəaliyyəti, stimullaşdırıcı tədbirlər və digər müddəalar əks olunub.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu sənədin təsdiqi Azərbaycanda sənaye parklarının inkişafını sürətləndirəcək, bu da innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının artımına təkan verəcək, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafını təmin edəcək, əhalinin istehsal sahəsində məşğulluğunun yüksəlməsinə nail olacaq.

Azərbaycan prezidenti tərəfindən 19 dekabr 2012-ci ildə təməli qoyulmuş Balaxanı Sənaye Parkı ilə bağlı bu günədək bir çox işlər görülüb. Belə ki, dünyada tanınmış beynəlxalq məsləhətçi şirkət olan “Ernst&Young” şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılması sənədi hazırlanıb. Sənəddə texniki, maliyyə və əməliyyat işləri üzrə meyarlar və istiqamətlər öz əksini tapmış və tövsiyələr yer alıb.

Balaxanı Sənaye Parkı üzrə idarə edici təşkilat olan “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Sənaye Parkı üçün ayrılmış 7 hektarlıq ərazisində geoloji tədqiqat işləri aparılıb, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülüb və hasarlanma işləri aparılıb. Hazırda parkın tikinti işləri üzrə layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda Balaxanı Sənaye Parkının tikintisi, daxili və xarici infrastrukturun əsaslı qurulması işlərinə başlanılacaq. Balaxanı Sənaye Parkında qurulacaq infrastruktur və binalar müasir sənayenin tələblərinə tam cavab verəcək.

Eyni zamanda Balaxanı Sənaye Parkına investorların cəlb olunması üzrə geniş tədbirlər görülür. Sənaye parklarının təşviqi məqsədilə potensial rezidentlər üçün vergi güzəştləri tətbiq edilib. Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, həm daxili, həm də xarici bazarlara yaxınlığı əldə edilmiş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verir. Habelə parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün böyük üstünlükdür. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, bank, poçt, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydalanacaqlar. Parkın əsasnaməsinə əsasən sahibkarların müraciətlərinə “vahid pəncərə” prinsipinə əsasən 3 gün ərzində baxılır və cavablandırılır. Həmçinin rezidentlər əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı əldə edirlər.

Bunlara dəstək olaraq “Təmiz Şəhər” ASC tərəfindən geniş təşviqat işlərinə başlanıb. Bu məqsədlə parkın korporativ təşviqat materialları hazırlanaraq, bir sıra beynəlxalq və yerli tədbirlərdə ölkəmizdə təkrar emal biznesi ilə məşğul olmaq istəyən investorlara paylanır. Həmçinin ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkı barədə ictimai məlumatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə parkın rəsmi internet səhifəsi (www.bsp.az) Azərbaycan və ingilis dillərində istifadəyə verilib. Səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Bundan əlavə, potensial rezidentlər Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə bilərlər. Artıq bir sıra yerli və xarici şirkətlərlə əlaqələr qurulub. Türkiyə, İsrail, Almaniya, Cənubi Koreya, Latviya, Portuqaliya, İtaliya kimi ölkələrin təkrar emal sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanıb. Şirkətlər Balaxanı Sənaye Parkının hədəf sənayeləri olan plastik, təkər, elektrik və elektron avadanlıqlar, akkumlyator, əlvan metal, kabel və digər tullantılarının emalı sahələrinə maraq göstərirlər.

Xatırladaq ki, Balaxanı Sənaye Parkı Azərbaycan prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılıb. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinin inkişaf etdirməkdir.

Balaxanı Sənaye Parkında yaşıl biznes sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün bütün lazımi şərait yaradılacaq. Beləliklə, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunacaq, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaqdır. Azərbaycan hökumətinin yaşıl biznesi, o cümlədən təkrar emal sənayesini bu cür dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaq ki, bu da ölkə iqtisadiyyatının çox şaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR