Azərbaycanda ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi səlahiyyəti “Hərbi Ovçuluq İttifaqı” MMC-yə verilib

Azərbaycanda ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi səlahiyyəti “Hərbi Ovçuluq İttifaqı” MMC-yə verilib
# 27 fevral 2014 07:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Hərbi Ovçuluq İttifaqı” MMC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, A.Nəsibov küçəsi, 1A ünvanında yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyindəki “Hərbi Ovçuluq İttifaqı” MMC-nin bütün payları dövlətə məxsusdur.

Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərini “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra həyata keçirə bilər. Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdən ibarətdir. Bu məqsədlərə uyğun olaraq Cəmiyyət ovçuları üzv qəbul etmək və üzv olmaları barədə onlara üzvlük bileti vermək, hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək, “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunları ilə müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını təşkil etmək, həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək, ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirmək, təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək, ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursatla təmin etmək, ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsinə dair təkliflər vermək səlahiyyəti verilib.

“Hərbi Ovçuluq İttifaqı” MMC-nin ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, işçilərin iş təcrübəsinin artırılması məqsədi ilə seminar-treninqlərin keçirilməsini təşkil etmək, ovçuluğun və ovçuluq təsərrüfatının təşkili və idarə edilməsi istiqamətində metodiki göstərişlər hazırlayıb, qabaqcıl təcrübələrin kütləvi informasiya vasitələrində təbliğ edilməsi işində iştirak etmək, ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi məsələlərinin həllində iştirak etmək, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək, ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulmasına, nəzarət-buraxılış məntəqələrinin yaradılmasına və onlarınişinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək, Cəmiyyətin ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək, ovçuluq təsərrüfatında ovçulara göstərilən xidmət sahələrinin səviyyəsinin yüksəldilməsinə və təşkil olunmasına dair təkliflər vermək, Cəmiyyətin ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq, ov etmək üçün icazəyə qeydlər etmək və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunun aparılmasını təşkil etmək, Cəmiyyətin ovçuluq təsərrüfatlarında ov əhəmiyyətli vəhşi heyvanların artırılmasına dair təkliflər vermək və təbiətə buraxılmasında iştirak etmək, Cəmiyyətin ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək səlahiyyətləri də var.

“Hərbi Ovçuluq İttifaqı” MMC-nin nizamnamə kapitalı 500 000 (beş yüz min) manat məbləğindədir. Ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. Cəmiyyət iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya nizamnamə kapitalını azaltmalıdır. Cəmiyyətin illik hesabatları, mühasibat balansları, mənfəət və zərər hesabları, mənfəətin və zərərin bölüşdürülməsi qaydaları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən təsdiq edilir. Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən ildə bir dəfə iyul ayında çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının təşəbbüsü, habelə müşahidə şurasının və iştirakçıların tələbi ilə çağırılır. “Hərbi Ovçuluq İttifaqı” MMC-nin səlahiyyətlərinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi (dəyişdirilməsi), nizamnamə kapitalının müəyyən edilməsi (dəyişdirilməsi), Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi, Cəmiyyətin icra orqanının yaradılması, səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Müşahidə Şurasının seçilməsi daxildir.

Müşahidə şurası Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Müşahidə şurası tək sayda ən azı beş üzvdən ibarət olmaqla formalaşdırılır. Şuranın üzvləri ümumi yığıncaq tərəfindən iştirakçılardan və ya kənar şəxslərdən üç il müddətinə seçilən şəxslərdir. Ümumi yığıncaq müşahidə şurasının üzvləri sırasından şuranın sədrini seçir. Müşahidə şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Müşahidə şurasının qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, müşahidə şurası sədrinin səsi həlledici hesab edilir. Müşahidə şurasının qərarları müşahidə şurasının sədri tərəfindən imzalanır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin direktoru müşahidə şurasının üzvü seçilə bilməz. Cəmiyyətin direktoru, onun müavinləri, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərləri Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

“Hərbi Ovçuluq İttifaqı” MMC-nin strukturuna Cəmiyyətin Aparatı və onun bölmələri, nümayəndəlikləri və onların bölmələri, filialları və onların bölmələri, Cəmiyyətin hüquqi şəxs statuslu qurumları və onların bölmələri daxildir.

Qeyd edək ki, 2004-cü ilə qədər ovçuluqla bağlı bu səlahiyyətlər “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus olub. 2004-cü ildə Ovçuluq haqqında” qanunun qəbul edilməsindən sonra Azərbaycan prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi ilə ölkədə ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının idarə olunması, habelə ovçuluq biletinin verilməsi kimi səlahiyyətlər müstəsna olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR