Fikrət Məmmədov: “Azərbaycan məhkəmələrində baxılan işlərin sayı 2000-ci ildən bəri 8 dəfədən çox artıb”

Fikrət Məmmədov: “Azərbaycan məhkəmələrində baxılan işlərin sayı 2000-ci ildən bəri 8 dəfədən çox artıb”
# 30 iyun 2014 10:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bu gün Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir”. APA-nın məlumatına görə, bunu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, iqtisadi cəhətdən inkişaf edən ölkələrdə adətən korrupsiya üçün daha geniş şərait olur: “Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra qanunlar qəbul edilib, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib. Korrupsiya cinayətləri anlayışı Cinayət Məcəlləsinə daxil edilərək məcəllə bu baxımdan təkmilləşdirilib. Dövlət qulluqçularının, ədliyyə işçilərinin, notariusların etik davranış kodeksləri qəbul edilib, qanunvericiliyin təkmilləşdirilməsində baza rolunu oynayan “Normativ Hüquqi Aktlar” haqqında Konstitusiya qanunu qəbul olunub. Həmin qanuna görə, ölkədə hazırlanan bütün qanun layihələri antikorrupsiya qanunvericiliyinə uyğunluq baxımdan mütləq ekspertizadan keçirilməlidir. Artıq üçüncü ildir ki, bu təcrübə nəticəsində 6 mindən çox layihə ekspertizadan keçirilib”.

F. Məmmədov qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin təsdiq olunması korrupsiya ilə mübarizə sahəsində mühüm təcrübə olub. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar əvvəlcədən planlaşdırılmalı, Ədliyyə Nazirliyində qeydiyyata alınmalı, bundan sonra yoxlama keçirilməlidir: “Hər bir iş adamı müvafiq sayta daxil olaraq onun fəaliyyəti ilə bağlı nə vaxt və hansı orqan tərəfindən yoxlamanın aparacağını öyrənə bilər. Həmçinin əhalinin hüquqi maarifləndirilməsinin əhəmiyyətini nəzərə alaraq Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin elektron məlumat bazası yaradılıb və əhalinin təmənnasız istifadəsinə verilib. 2011-ci ildən inzibati ədliyyə institutunun və bütün bölgələrdə inzibati məhkəmələrin fəaliyyətə başlaması insan hüquqlarının etibarlı müdafiəsi və məmurların su-istifadə hallarının qarşısına sipər çəkilməsi baxımından mühüm addım olmaqla antikorrupsiya tədbirinə çevrilib. İnsanların həmin məhkəmələrdə qaldırdıqları iddiaların 80 faizindən çoxunun təmin olunması bunun əyani təsdiqidir. Azərbaycanda məhkəmə hakimləri şəffaf qaydada seçilir. Seçim zamanı hakimlər vahid auditoriyada imtahan verirlər. Müşahidəçilər tərəfindən imtahan izlənilir və internetdə canlı yayımlanır. Məhkəmə Hüquq Şurasının fəaliyyət göstərdiyi on il ərzində irəli sürdüyü təkliflər prezident tərəfindən də dəstəklənib. Hakimlərin intizam məsuliyyətinə cəlb olunması məsələsi Məhkəmə Hüquq Şurasına həvalə edilib. Həmçinin hakimin törətdiyi qanun pozuntusuna görə cəza növləri qanunda dəqiq müəyyənləşdirilib. 2000-ci illə müqayisədə hakimlərin əməkhaqqı 33 dəfə artıb. Azərbaycan məhkəmələrində baxılan işlərin sayı 2000-ci ildən bəri 8 dəfədən çox artıb. Bu illər ərzində hakimlərin sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb. Hə bir hakimə köməkçi ştatı təyin olunub. Yeni inşa olunan məhkəmə binaları layihələndirilən zaman hakimlər üçün ayrıca giriş-çıxış sahəsi müəyyən edilib ki, bu da onların vətəndaşlarla əlaqələrini və kənar müdaxiləni məhdudlaşdırmaq məqsədi güdür. Vətəndaşların müraciət formasının asanlaşdırılması məqsədilə məhkəmələrdə İTK-lərdən geniş istifadə olunur. Məhkəmələr üzrə vahid informasiya portalı yaradılıb ki, burada baxılan işlər, hakimlər haqqında məlumat almaq və rahat şəkildə məhkəməyə müraciət etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR