Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər açıqlanıb

Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər açıqlanıb
# 06 iyun 2014 12:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər açıqlanıb. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov bildirib ki, bu sahə üzrə ən çox müraciətlər yuxarı tənəffüs yolları xəstəlikləri ilə bağlı olur. Onun sözlərinə görə, uşaqlarda tonzilit, adenoid, böyüklərdə isə allergik problemlər, burunətrafı ciblərin xəstəlikləri daha çox müşahidə edilir.

Baş otorinolarinqoloq qeyd edib ki, 20-30 il əvvəllə müqayisədə ölkədə qulaq xəstəlikləri ilə bağlı müraciətlərin sayı azalıb: “Buna mövcud sahədə ciddi profilaktika tədbirlərin aparılması nəticəsində nail olunub. Xəstəliklərin cavanlaşması daha çox onkoloji sahədə müşahidə edilir. Ancaq ümumi otorinolarinqologiya sahəsində bunu demək çətindir. Çünki müxtəlif dövrlərdə xəstəliklər qeydə alınır”.

N.Hüseynov bu sahə üzrə aparılan əməliyyatlar barədə də məlumat verib. O qeyd edib ki, otorinolarinqologiya sahəsi üzrə endoskopik cərrahiyyə əməliyyatının köməkliyi ilə burun və burunətrafı ciblərin, qulaqda eşitmənin bərpası aparılır. Bundan əlavə, qırtlaqda olan xəstəliklər, o cümlədən səsin bərpası, bədxassəli və ya şişə bənzər xəstəliklərə qarşı olan hər bir əməliyyat həyata keçirilir.

Baş otorinolarinqoloq əlavə edib ki, bu sahə son 10 il ərzində digər cərrahiyyə sahələri ilə müqayisədə ən çox inkişaf etmiş sahədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR