Gələn il Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun ikinci hissəsinin çəkilişinə başlanıla bilər

Gələn il Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun ikinci hissəsinin çəkilişinə başlanıla bilər
# 07 iyun 2014 12:45 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncədə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Yanq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun ikinci hissəsinin çəkilişi üçün böyük məbləğdə vəsait lazımdır. Hazırda layihənin nəzərdən keçirildiyini bildirən vitse-prezident bu yolun regional inteqrasiya və əməkdaşlıq üçün çox dəyərli olduğunu söyləyib. İlin sonunadək layihənin təsdiq edilə biləcəyini deyən V. Yanq gələn ildən tikinti işlərinə başlanılacağını istisna etməyib.

V. Yanq qərb bölgəsinə səfəri zamanı AİB-in ayırdığı kreditlər hesabına həyata keçirilən layihələrlə tanış olub və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Görüşdə Gəncə dairəvi yolunun bankın ayırdığı vəsait hesabına yenidən qurulduğu bildirilib, gələcəkdə həyata keçirilə biləcək layihələrlə bağlı müzakirələr aparılıb.

V. Yanq qeyd edib ki, bank Azərbaycanda energetika, su-kanalizasiya və nəqliyyat sahəsində bir sıra layihələrin icrası üçün kreditlər ayırır.

E.Vəliyev isə bildirib ki, dairəvi yolun çəkilişi zamanı ağırtonnajlı yük avtomobillərinin Gəncənin ətraf qəsəbələri ilə hərəkət etməsi sözügedən ərazilərdə yol infrastrukturunu bərbad vəziyyətə salıb. V.Yanq məsələni diqqətdə saxlayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR