Bakıda Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu nəşr olunub

Bakıda Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu nəşr olunub
# 16 dekabr 2013 10:24 (UTC +04:00)

Bakı - APA. Bakıda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu” 1000 tirajla nəşr olunub.

APA-nın xəbərinə görə, Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) və Gənc Hüquqşünaslar Birliyini tərəfindən hazırlanan kitab BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Nəşr olunan kitabın cildində YARAT Müasir İncəsənət Məkanının təsisçisi, tanınmış gənc rəssam Aida Mahmudovanın əsəri əks olunub. Abşeron silsiləsindən olan və “Pirşağı” adlanan əsər 2012-ci ildə kətan üzərində yağlı boya ilə çəkilib və 120x145 sm ölçüdədir.

Kitabın hazırlanması üzrə məsləhətçilər hüquq üzrə fəlsəfə doktoru, AHK-nın sədri, millət vəkili Əli Hüseynli, AHK-nın idarə heyətinin üzvü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov və UNCHR-in Azərbaycandakı nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Bela İsmayılovadır. Nəşrə məsul şəxs isə hüquq üzrə fəlsəfə doktoru, AHK-nın sədr müavini Nadir Adilovdur.

Nəşr hakimlər, hakimliyə namizədlər, prokurorlar, vəkillər, gənc hüquqşünaslar və geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulur və pulsuz yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR