İqtisadiyyat və sənaye naziri:"2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək" - VİDEO

İqtisadiyyat və sənaye naziri:"2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək" - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 00:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 10 il ərzində regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb, regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artıb. “Bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olub. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir”.

Ş.Mustafayevin sözlərinə görə, 10 il ərzində bölgələrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və yaxud təməli qoyulub, bölgələrə 737,4 milyon manat vəsait ayrılıb: “Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib”.

Ş.Mustafayev bildirib ki, 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılıb, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunub.

Nazir qeyd edib ki, rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilib, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilib: “Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir”.

Hesabat dövründə 9 milli park yaradılıb, 20 milyon ağac və bəzək kolu əkilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Ş.Mustafayev bildirib ki, proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilib və ya əsaslı təmir olunub.

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından danışan nazir qeyd edib ki, 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınıb, burada 37 min ailə yerləşdirilmişdir: “Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilib, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilib”.

Nazir bildirib ki, ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür: “Məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb”.

Ş.Mustafayev bildirib ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb: “Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir”.

Nazir qeyd edib ki, pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılıb. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır: “Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins heyvandarlıq ailə təsərrüfatlarının yaradılmasına başlanılıb. Hesabat dövründə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib”.

Ş.Mustafayev bildirib ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olub. “Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalmışdır. Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib” – nazir qeyd edib.

Eyni zamanda, Ş.Mustafayev bildirib ki, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları xeyli artıb: “Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır”.

İqtisadiyyat və sənaye naziri deyib ki, ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR