AMEA Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 02 dekabr 2013 12:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Polşa Elmlər Akademiyası (EA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA Nizami adına Ədəbiyyat İnstitutundan APA-ya verilən xəbərə görə, AMEA-nın prezidenti Akif Əlizadənin və Polşa EA-nın prezidenti Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapıb.

Varşavada sazişin imzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Polşa EA-nın prezidenti Mixal Kleyberə elmi əlaqələrin inkişafında uğurlu başlanğıca görə Azərbaycan Respublikası səfirliyinin təsis etdiyi fəxri medallar təqdim olunub. Akademiyalararası əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirak ediblər.

AMEA-nın nümayəndə heyəti Varşavada Azərbaycan səfirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Polşa İkinci Beynəlxalq elmi konfransında da iştirak edib. AMEA-nın prezidenti Akif Əlizadə beynəlxalq elmi konfransda “Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə” mövzusunda məruzə ilə çıxış edib. Akif Əlizadə, Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş konfransın gələcəkdə humanitar sahə ilə yanaşı, təbiət və dəqiq elmləri də əhatə etməsinin əhəmiyyətini nəzərə çatdırıb. Qeyd olunub ki, AMEA ilə Polşa EA arasında Əməkdaşlıq Sazişinin imzalanması və qarşılıqlı əlaqələrə dair beynəlxalq konfransın keçirilməsi ölkələrin elm sahəsində münasibətlərinin yeni mərhələsinin real ifadəsinə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR