Ziyafət Əsgərov: “Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin heç nə ilə yadda qalmadıqlarını etiraf etdilər”

Ziyafət Əsgərov: “Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin heç nə ilə yadda qalmadıqlarını etiraf etdilər”
# 16 aprel 2013 08:19 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA. “Beynəlxalq təşkilatlar Ermənistana təzyiqlərini təcili olaraq artırmalıdır”. APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən bildirib.

O təəssüflə qeyd edib ki, həmsədrlərin regiona son səfəri heç bir hadisə ilə yadda qalmayıb: “Heç bir yenilik müşahidə olunmadı və bunu özləri də etiraf etdilər”.

Z. Əsgərov Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların bu cür də davam edə bilməyəcəyini vurğulayıb: “Biz həmişə demişik və bu gün də təkidlə tələb edirik ki, ATƏT-in Minsk Qrupu Ermənistana təzyiqləri artırmalıdır. Bu məsələnin yubanması sözsüz ki, hər şeydən əvvəl Minsk Qrupunun fəaliyyətinə bir təhlükədir, onların fəaliyyəti üçün zərərli bir haldır. Cəmiyyətdə belə bir təsəvvür yaranıb ki, Minsk Qrupu yalnız regiona gəlib-getməklə məşğuldur. Onlar heç bir iş görə bilmirlər. Bu, çox təəssüfedici haldır. Amma onların iş görmək üçün xeyli işləri var. BMT-nin 4 məlum qətnaməsindən başqa, NATO və əksər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul ediblər. Onların yerinə yetirilməsi çox vacibdir. Bizim də tələbimiz ondan ibarətdir ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiqlər etsinlər”.


Z. Əsgərov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları hələ tükənməyib: “Amma görsək ki, Ermənistan tam mənasında imitasiya ilə məşğuldur, danışıqlar xətrinə danışıqlar aparır və ya danışıqlardan qaçmağa çalışır, əlbəttə, Azərbaycanın kifayət qədər imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Bizim buna kifayət qədər hərbi gücümüz var”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR