Rusiyadan Türkiyəyə çarter uçuşlarının ləğv olunmasının səbəbi açıqlanıb

Rusiyadan Türkiyəyə çarter uçuşlarının ləğv olunmasının səbəbi açıqlanıb
# 08 iyul 2016 05:22 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sankt-Peterburq və digər bölgələrindən Türkiyəyə iyulun 7-nə nəzərdə tutulmuş ilk çarter uçuşu ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə “Fontanka.ru”-ya “Aneks-tur” turizm şirkətindən bildirilib.

Məlumata görə, iyulun 7-nə nəzərdə tutulan turların hamısının bir neçə saat ərzində rusiyalı turistlər tərəfindən alınıb. Lakin “Aneks-tur” turizm şirkəti və “Azur Air” aviaşirkəti uçuşların həyata keçirilməsi üçün “Rosaviasiya”dan lazımi razılığı ala bilməyib. Nəticədə, turistlərə əlavə ödəniş əsasında müntəzəm reyslərdən istifadə etmək təklif olunub.

Rusiya Turizm Sənayesi Birliyinin mətbuat katibi İrina Tyurina məsələ ilə bağlı bildirib ki, prezident Vladimir Putinin “çarter qadağası”nın ləğvi haqqında fərman imzalamasına baxmayaraq, Nazirlər Kabineti indiyədək müvafiq qərar qəbul etməyib. Müvafiq qərar həmçinin “Rosaviasiya” tərəfindən də qəbul olunmalıdır.

“Özəl daşımalara qoyulan qadağanın ləğv olunması barədə hökumətin qərarı gözlənilir. Lakin bunun nə zaman baş verəcəyini biz bilmirik”, - deyə Tyurina qeyd edib.

Onun sözlərinə görə, məsələnin tez bir zamanda həll olunacağına ümid edən turoperatorlar artıq müxtəlif tarixlərə turlar təşkil edib.

Qeyd edək ki, Vladimir Putin iyunun 30-da Türkiyəyə qarşı sanksiyaların ləğv olunması barədə fərman imzalayıb və Nazirlər Kabinetinə ölkədən Türkiyəyə çarter reyslərinə qoyulan qadağanın ləğvinə dair tədbirlər görməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR