Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir E.Sultanov Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında bəhs edərək, ölkəmizdə turizmin inkişafı sahəsində əldə edilən nailiyyətlər o cümlədən, yaradılmış müasir turizm infrastrukturu və keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. O, Azərbaycanın turizm sahəsində Braziliya ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, bir sıra konkret təşəbbüslər irəli sürüb.
Öz növbəsində EMBRATUR-un prezidenti V.Neto Braziliyanın turizm sahəsində həyata keçirdiyi siyasət barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıq potensialının mövcud olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Sonda səfir Elnur Sultanov V.Netoya Azərbaycan mədəniyyətinə və turizminə aid materiallar təqdim edib.