Razi Nurullayev: “Müxalifətin acınacaqlı duruma düşməsində Əli Kərimlinin rolu danılmazdır”

Razi Nurullayev: “Müxalifətin acınacaqlı duruma düşməsində Əli Kərimlinin rolu danılmazdır”
# 23 fevral 2015 14:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP-də Əli Kərimli onu tərifləməyənlərə, ondan fərqli fikir səsləndirənlərə şantaj və təzyiq göstərir. Məndən əvvəlki AXCP funksionerləri də məhz bu cür şantaj və təzyiqlərə boyun əyməyərək, partiyadan istefa veriblər”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, partiyadan istefa vermiş Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, hazırda partiya sədri Əli Kərimlinin iştirakı və göstərişi ilə tənqid etmək, söymək, ən ağır ifadələr işlətmək müxalifət olmağın meyarına çevrilib: “Bu isə müxalifəti irəli apara bilməyib, insanların həyatını məşəqqətə çevirib. Eyni zamanda aparılan bu siyasət də heç kimin yox, məhz Əli Kərimlinin maraqlarına xidmət edib. Digər tərəfdən, bu adamlarda belə bir düşüncə var ki, əgər Əli Kərimli kimə pasport verirsə, o müxalifət sayıla bilər, digərləri müxalifət ola bilməz. Bəs, Əli Kərimlinin Azərbaycan xalqına, Azərbaycan müxalifətinə xidməti nə olub? Bu gün müxalifətin acınacaqlı duruma düşməsində onun danılmaz rolu var. Ona görə də mənim mübarizədə üzərinə gedəcəyim şəxs məhz partiyanın sədridir”.

R. Nurullayevin sözlərinə görə, Ə. Kərimli hədəfi özündən yayındırmaq üçün partiyanın digər funksionerlərini ortaya atıb: “Digər şəxslərin nə dediyi məni maraqlandırmır, onlara cavab vermək fikrim yoxdur. Çünki Əli Kərimlinin məqsədi odur ki, diqqəti həmin insanlara yönəltsin, hədəfi özündən uzaqlaşdırsın. Amma mənim hədəfim partiyadan getməklə, bütün bu işlərin arxasında dayanan Əli Kərimlinin siyasətini ifşa etmək, onun üzərinə getmək olub ki, bu cür yanlış siyasətlə heç kimi məhvə aparmasın. Müxalifətdə yox, ölkədə birincilik uğrunda mübarizə aparmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR