Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstan üçün model ola bilər"

Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstan üçün model ola bilər"
# 03 dekabr 2014 02:56 (UTC +04:00)

APA-nın Azərbaycan XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində toplantısında çıxışı zamanı bildirib.

Nazir Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin dekabrın 2-də Azərbaycana səfərinə toxunaraq iki ölkə arasında Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsinin aparıldığını qeyd edib: “Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu yalnız təhlükəsizlik deyil. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşmişdir, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq”.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir: “Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hal-hazırda ölkədə bir dəmir yol əlaqəsi var. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir”.

Qətiyyətli dəstək missiyasının başlanmasının Əfqanıstanın gələcəyi üçün vacib olduğunu bildiriən nazir qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacağını qeyd edib.

“Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir”, deyə XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR