Prezident İlham Əliyev: «Azərbaycan-Latviya münasibətlərində həll olunmamış heç bir məsələ yoxdur»

Prezident İlham Əliyev: «Azərbaycan-Latviya münasibətlərində həll olunmamış heç bir məsələ yoxdur»
# 25 aprel 2013 00:25 (UTC +04:00)

Prezident Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin bir nömrəli məqsəd olduğunu bildirib: «Hesab edirəm ki, biz düzgün istiqamətdə addımlayırıq. Çünki enerji sektorundan asılılıq ildən-ilə azalır.

2013-cü ilin birinci rübünün nəticələrinə baxsanız, görərsiniz ki, qeyri-neft sektorunda 11 faizdən çox artım olub. Bu, islahatlar, şaxələndirmə siyasətimizin nəticəsidir. Avropada şaxələndirmə haqqında danışdıqda, insanlar əsasən enerji resurslarının təchizat yollarının şaxələndirilməsi haqqında düşünür. Bunu da tam anlamaq olar. Şaxələndirmə bizim üçün enerji resursları sahəsində ixrac imkanlarının və qeyri-enerji iqtisadiyyatının inkişafı deməkdir. Bu səbəbdən gələcəklə bağlı planlarımız strateji hesab etdiyimiz sahələrə sərmayələri cəlb etməkdir.

Məsələn, biz 1990-cı illərin ortalarında sərmayələri neft və qaz sektoruna cəlb edə bildik. Çünki münbit investisiya iqlimi yarandı. Bu, əslində elə bizim iqtisadi inkişafımıza səbəb oldu. Hazırda bizim xarici şirkətlərlə əməkdaşlığımızın artıq yerli mexanizmləri mövcuddur. Azərbaycan İnvestisiya Şirkəti bizim üçün strateji olan bəzi layihələrdə həmsərmayədar kimi iştirak edir. Biz xarici sərmayələrə və onların qorunmasına aid daxili qanunvericiliyimizi təkmilləşdirməkdə davam edirik».

Prezident Azərbaycanın uzun illərdir MDB və Mərkəzi Avropada adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə aparıcı ölkə olduğunu vurğulayıb: «Əgər əvvəlki illərdə biz əsasən neft-qaz sərmayələri haqqında danışırdıqsa, indi digər iqtisadi sahələrdə də sərmayələri müşahidə edirik. Bunlar xidmətlər, digər sahələr və kənd təsərrüfatıdır. Bütün bunlar bizə gələn illər ərzində uğurla inkişaf etmək imkanı yaradacaq. Təbii ki, iqtisadiyyatın enerji sahəsi əsas mövqedə qalacaq. Bu, tamamilə aydındır, çünki nəhəng neft və qaz ehtiyatlarını, şaxələndirilmiş təchizat marşrutlarını və enerji resurslarını, - mən burada əsasən təbii qazı nəzərdə tuturam, – nəhəng ehtiyatların Avropa istehlakçılarına çatdırılması ilə bağlı hazırda həyata keçirdiyimiz yeni planları nəzərə alsaq, bu, enerji sektorundakı şirkətlər üçün əlavə imkanlar yaradacaq. Lakin qeyri-neft iqtisadiyyatı birmənalı olaraq paralel şəkildə artacaq».

Daha sonra prezident Əliyev Azərbaycanda biznes fəaliyyətinin təşviq edilməsi üçün həyata keçirilən siyasətdən danışıb: «Azərbaycanın rayonlarındakı infrastruktur layihələrinin əksər hissəsi ya başa çatdırılıb, yaxud ki, həyata keçirilmənin sonuncu mərhələsindədir. Biz regionların inkişafına dair iki proqram qəbul etmişik. Hər biri beş illik müddət üçün nəzərdə tutulub. İkinci proqram cari ilin sonunda yekunlaşır. Gələn illər ərzində biz informasiya-kommunikasiya texnologiyaları, xidmətlər, turizm və sənaye kimi sektorların inkişafına daha çox diqqət yetirəcəyik. Çox güman ki, bizim sənaye zonalarının yaradılması ilə bağlı xüsusi planlarımız haqqında qonaqlara məlumat verilmişdir. Bu planlar həyata keçirilmək üzrədir. Bunun nəticəsində biz ağır sənaye sahəsində çox üstünlükləri olan qaydalar, güzəştli vergi rejimi ilə yeni ixrac imkanları yaradacağıq. Bunun sayəsində ixrac imkanlarımızı artıra biləcəyik, həmçinin ixrac strukturunun şaxələndirilməsinə nail olacağıq, çünki hazırda ixracımızın əsas hissəsi enerji ilə bağlıdır. Eyni zamanda, yerli istehsalın artırılması ilə bağlı planlarımız həyata keçirilməkdədir. Özəl sektorun stimullaşdırılması üçün fond kimi mexanizm sayəsində fermerlərə, kiçik və orta sahibkarlara maliyyə yardımı göstərilir.

Fikrimcə, gələn illər ərzində Azərbaycanda iqtisadi inkişaf, ümumən, uğurlu olacaq. Bu, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən qeyd olunur. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın yaxşı irəliləyiş əldə etdiyi bildirilir. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə göstərir. Maliyyə və iqtisadi böhran illərində “Standard & Poor’s”, “Fitch” və “Moody’s” reytinq agentlikləri bizim kredit reytinqimizi yaxşılaşdırıb. Hesab edirəm ki, şirkətlərimiz arasında müxtəlif istiqamətlər üzrə gələcək əməkdaşlıq yaxşı nəticə verə bilər. Hazırda Azərbaycan öz hüdudlarından kənarda böyük sərmayələr yatırır. Biz Avropada böyük sərmayələr qoyuruq və bu proses davam edəcək».

Dövlət başçısının fikrincə, Latviyadakı layihələr Azərbaycan üçün çox cəlbedici ola bilər: «Biz diqqət yetirəcəyimiz sahələri daha dəqiq şəkildə müəyyən edə bilərik. Burada iştirak edən və yenicə qoşulmuş Latviya şirkətləri həyata keçirdiyimiz müxtəlif layihələrdə podratçı qismində fəal şəkildə iştirak edə bilər. Həmçinin fikrimcə birgə istehsalat imkanlarından həm Azərbaycanda, həm də Latviyada istifadə oluna bilər. Çünki bizim böyük qarşılıqlı marağımız var».

Prezident Əliyev Azərbaycan-Latviya münasibətlərində həll olunmamış heç bir məsələ olmadığını bildirib: «Bundan başqa, Azərbaycan Latviyanın üzv olduğu təşkilatlarla fəal şəkildə əməkdaşlıq edir. Bu da ikitərəfli münasibətlərimizi gücləndirir. Fikrimcə, bu biznes forumun çox yaxşı nəticələri ola bilər. Qarşılıqlı maraq, siyasi dəstək vardır, hökumətlərarası komissiya fəaliyyət göstərir. Təbii ki, biznes dairələrimizin fəaliyyəti çox müsbət nəticələr verəcəkdir. Beləliklə, gələcəkdə biz bundan bəhrələnərək xalqlarımızın rifahı naminə ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq quracağıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR