11 yaşın mübarək, APA! - REPORTAJ

11 yaşın mübarək, APA! - <span style="color: red;">REPORTAJ
# 16 noyabr 2015 12:51 (UTC +04:00)

Düz 11 ildir hər iş günün səhəri APA İnformasiya Agentliyinin kollektivi beləcə toplanıb günün informasiya axınını müzakirə edir, bu axında öz yerlərini, öz işlərini müəyyənləşdirirlər. 2004-cü il noyabrın 16-da əsası qoyulan agentlik bu gün ölkənin əsas və təsdiqlənmiş xəbər mənbəyi hesab olunur.

"APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyev deyir ki, bu illər ərzində APA-nın Azərbaycan mətbuatında hansı rol oynadığı göz önündədir: "APA Azərbaycan mətbuatı tarixinin artıq önəmli bir hissəsinə çevrilib. Azərbaycan mətbuatının inkişafında, Azərbaycan mediasında yeni ənənələrin bünövrəsinin qoyulmasında yaxından iştirak edib. Bunun öncüllərindən biri olub".

Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Nurşən Quliyevin sözlərinə görə, APA-nın iş prinsipinin əsas istiqamətlərindən biri də dövlətçiliyin müdafiəsi, səlahiyyətləri çərçivəsində dövlətçiliyin əleyhinə olan müxtəlif çağırışların, müxtəlif addımların qarşısını almaqdır: "Biz bu dövlətdə yaşayırıqsa, bir vətəndaş olaraq dövlətçiliyin maraqlarını qorumalı, bunun üçün çalışmalıyıq".

Agentlik həftənin bütün günləri beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, bu qurumlarla informasiya mübadiləsi aparılır.

Nurşən Quliyev: "Mən başda Vüsalə xanım olmaqla bütün kollektivi təbrik edirəm. Eyni zamanda APA-nın məktəbindən keçmiş, APA-nın böyüməsində, bu səviyyə gəlib çıxmasında az da olsa, rolu olan hər kəsi təbrik edirəm. Burda işlədi, işləmədi, hər kəsə öz təşəkkürümü bildirirəm. Çünki onlar bu işdə əmək sərf ediblər, can qoyublar".

Direktorlar Şurasının sədri bildirib ki, APA tək özü inkişaf etməklə kifayətlənməyib, eyni zamanda agentliyin nəzdində Lent.az informasiya portalı, Vesti.az xəbər agentliyi, APA TV yaradılıb, “APA-Economics” və “APA-Sport” bölmələri fəaliyyət göstərir: "Əsas təbrik hazırda APA-da çalışanlara düşür. Çünki hazırda Azərbaycan mətbuatının xaos dövründə, sosial şəbəkələrin mətbuatla biri-birinə qarışdığı dövrdə, mətbuatın harada başlayıb harda bitdiyinin, nəyin informasiya olub, nəyin informasiya olmadığının bilinmədiyi bir şəraitdə işləyirik. İndiki vəziyyətdə mətbuat elə hala gəlib ki, dəqiq informasiyadan çox təkzib xəbərlərinin verilməsi ilə rastlaşırıq. Bu qarışıq dövrdə APA-nın əməkdaşlarına minnətdarlığımı bildirirəm ki, bu məsələlərdən uzaqdırlar".

APA-nın əməkdaşı Hafiz Heydərov: "APA İnformasiya Agentliyinin 11 yaşı münasibətilə APA ailəsini təbrik edirəm. Başda Vüsalə Mahirqızı, Nurşən Quliyev və digər redaktorlarımız olmaqla hər kəsi təbrik edirəm. APA-nın bir təşkilat kimi formalaşmasında rolu olan hər kəsi təbrik edirəm. Əlbəttə ki, burda əsas yük xəbərçilərin üzərinə düşür. Hər bir jurnalist həmkarımı təbrik edir, uğurlar arzulayıram".

Nurşən Quliyevin sözlərinə görə, APA-nın həmişə sadiq qaldığı prinsipləri var. Bunlar həm də ciddi mətbuatın prinsipləridir: "Mən həmişə bir şeyin tərəfdarı olmuşam. Təbii ki, operativlik mətbuatın və APA-nın əsas prinsiplərindən biridir. Ancaq bu məsələ dəqiqliklə ölçülür. Dəqiq olmayan xəbərin operativ verilməsinin heç bir mənası yoxdur. Xəbər o zaman xəbər olur, agentlik o zaman agentlik olur, mətbuat o zaman mətbuat olur ki, xəbər həm operativ, həm də dəqiq verilsin".

Agentliyin foto fondunda 250 000-dən çox şəkil var. APA “Global Certfication Limited” şirkətinin “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.

Agentlik 2012-ci ildən etibarən “APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

11 yaşın mübarək, APA!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR