Azərbaycanın xalq artisti Ramiz Mirişli I Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Azərbaycanın xalq artisti Ramiz Mirişli I Fəxri xiyabanda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 aprel 2015 12:07 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Ramiz Mirişlinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Nazir bildirib ki, bəstəkar Azərbaycan musiqisi tarixində dərin izlər qoyub. Onun sözlərinə görə, musiqinin müxtəlif janrlarında yazan R. Mirişli bir çox musiqi əsərlərinin, romansların və digər əsərlərin müəllifidir: “Onun əsərləri daim yaşayacaq. Ramiz Mirişli Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib ”.

Bəstəkar Arif Məlikov çıxışında bu günün ağır gün olduğunu qeyd edib. R. Mirişli ilə dost olduqlarını xatırladan A. Məlikov onunla bağlı xatirələrini bölüşüb.

Vida mərasimində bəstəkar Siyavuş Kərimi, xalq artisti Azər Zeynalov, İctimai Televiziyanın direktoru Cəmil Quliyev də mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Bəstəkarın oğlu Nazim Mirişli hər kəsə təşəkkür edib. O bildirib ki, atasının hələ səslənməyən bir çox əsəri var, zamanla ictimaiyyətə təqdim ediləcək.

Vida mərasimi başa çatdıqdan sonra bəstəkar I Fəxri xiyabanda torpağa tapşırılıb.

***

saat 14.22

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, R. Mirişli 10 gün öncə xəstəxanaya yerləşdirilib, aprelin 17-də xəstəxanada 81 yaşında dünyasını dəyişib.

O, 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.

O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR