Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər
# 30 oktyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA.Varşava şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən kurslar təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil edib.

Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilib, qeyd olunan mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilib. Kurs zamanı həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət araşdırılıb, problemli məsələlər öyrənilib və inkişaf tendensiyalarının müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Bundan başqa, oktyabrın 13-dən 28-dək Malayziya Krallığının paytaxtı Kuala Lumpur şəhərində Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən “İxtisaslaşmış dürüst məmur” adlı Tədris Proqramı keçirilib.

Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.

Malayziyanın, Böyük Britaniyanın, Avstraliyanın, Sinqapurun və mötəbər beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, sözügedən ölkələrin bu sahədə müsbət təcrübəsi, qabaqlayıcı tədbirlər, dövlət qulluqçuları üçün etik-davranış kodekslərinin əhəmiyyəti, maraqlar toqquşması və digər mövzularda məruzələr söyləyiblər.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR