“Açıq Hökumət Məlumatları” portalına yeni məlumat bazaları əlavə olunub

“Açıq Hökumət Məlumatları” portalına yeni məlumat bazaları əlavə olunub
# 23 aprel 2015 13:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin əvvəlində vətəndaşların istifadəsinə verilmiş www.data.gov.az “Açıq Hökumət Məlumatları” portalında hazırda 20-dən artıq məlumat bazası açıq elan edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu günlərdə daha 4 adda açıq məlumat bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən portala inteqrasiya edilib.

Bu məlumat bazalarına “Obyekt axtarışı üzrə məlumatların əldə olunması”, “Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı”, “İki məntəqə arasında avtomobil marşrutunun qurulması” və “Ünvan axtarışı üzrə məlumatların əldə olunması” daxildir.

Açıq elan edilən hər bir məlumat bazası üzrə bütün cari informasiyalar portalda yerləşdirilib. Bununla yanaşı, portalda hər bir məlumat üzrə yaradıla biləcək mobil servisin hazırlanma metodları üzrə təlimat da yerləşdirilib.

Qeyd edək ki, sözügedən məlumatlar naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları hərtərəfli əhatə edir. Bu məlumatlardan istənilən şəxs heç bir patent ödəmədən yararlana bilər.

Məlumat üçün bildirək ki, açıq hökumət məlumatları ölkəmizdə dünya təcrübəsinə uyğun tətbiq edilir və açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranacaq, bu da öz növbəsində elm və iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Nəticədə mövcud ictimai xidmətlərin keyfiyyəti yüksələcək və iqtisadi tərəqqiyə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR