Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə iclası keçirilib

Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə iclası keçirilib
# 10 sentyabr 2014 08:27 (UTC +04:00)

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak edib.

Hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərovun etdiyi məruzədə bildirilib ki, qoşunların şəxsi heyəti ilə tərbiyə işi, qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədən kənar münasibətlərin və xəsarət alma hallarının qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilib, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilib. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və keçirilən tərbiyə işi tədbirləri nəzarətdə saxlanılıb, hər ay təhlil edilərək, Daxili Qoşunların Komandanlığına məruzə olunub, müvafiq tövsiyələr verilib.

Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri dinlənilib. Dinləmələr zamanı çıxış edənlər Hərbi Şuranın üzvlərinin mövcud nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallarına izahat verib, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə ediblər.

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Daxili Qoşunlar ötən müddət ərzindəki fəaliyyəti barədə danışıb.

Ş. Məmmədov daha sonra qeyd edib ki, ötən dövr ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilib, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunub.

Hərbi intizamın möhkəmləndirilməsində müsbət nailiyyətlərin qazanıldığını vurğulayan general-mayor Ş.Məmmədov qarşıda duran əsas vəzifələrin icrasının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədən kənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR