Azərbaycanda avtomobil istehsalı 5,5 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 5,5 dəfə artıb
# 16 oktyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 274,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 6,9% azalma, avtomobil və qoşquların istehsalında 57,0%, nəqliyyat vasitələrinin istehsalında isə 3,5 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 9 ayında Azərbaycanda 1 781 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 266 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində ölkədə 202 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1% artım deməkdir.

Bu il ərzində ölkədə kotan istehsalı 11,1% artaraq 732 ədəd, traktor istehsalı isə 2,1 dəfə artaraq 1 014 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR