Tərcümə Mərkəzinin əməkdaşları TEDA-nın baş direktoru ilə görüşüblər

Tərcümə Mərkəzinin əməkdaşları TEDA-nın baş direktoru ilə görüşüblər
# 12 noyabr 2014 09:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. XXXIII Beynəlxalq İstanbul Kitab Yarmarkasında iştirak edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları Etimad Başkeçid və Fərid Hüseyn TEDA-nın (Türk mədəniyyəti, sənəti və ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək verən təşkilat) baş direktoru Hamdi Turşucu ilə görüşüblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı türk ədəbiyyatının bütün dünyada tərcümə və yayımı ilə bağlı fəaliyyəti ilə tanınan TEDA-nın direktoru H.Turşucu Azərbaycanda Tərcümə Mərkəzinin yaradılmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Müasir dünyada, demək olar, bütün dövlətlər bu və ya digər şəkildə tərcümə sahəsini dəstəkləyir, öz ədəbiyyatlarını təbliğ edir, eləcə də dünya çapında seçilən ədəbi nümunələrin tərcüməsini təşkil edirlər. Biz türk mədəniyyətinin dünya dillərinə yayılması işinə daim dəstək veririk”.

TEDA-nın direktoru qardaş ölkə olan Azərbaycanın Tərcümə Mərkəzi ilə öz təcrübələrini bölüşməyə və gələcək əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə müəyyən ortaq layihələrin həyata keçiriləcəyi vurğulanıb, əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR