ATƏT-in Bakı Ofisi bəyanat yayıb - YENİLƏNİB

ATƏT-in Bakı Ofisi bəyanat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 14 mart 2013 08:09 (UTC +04:00)

Ofisdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.

“Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir.

Digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti ATƏT-in Vyanada yerləşən baş ofisi tərəfindən təşkilatın Bakı Ofisində yoxlamalara başladılması, Vyana mərkəzindən verilən tapşırıqla ofisin əməkdaşlarının yazışmaları, kimlərlə təmas qurduğu barədə məlumatların araşdırılması, səfir Koray Tarqayın vaxtından əvvəl geri çağırılmasının gözlənildiyi, hakimiyyətin də təşkilatın Bakı Ofisinin fəaliyyətindən narazı olduğu barədə Azərbaycanın hökumət çevrələrindəki qaynaqlara istinadən məlumat yayıb.

“Bizim Yol” qəzeti isə diplomatik qaynaqlardan əldə etdiyi məlumat əsasında ATƏT-in baş katibi Lambert Zanyerin martın 15-də Bakıya nəzərdə tutulan səfəri zamanı Azərbaycan hökumətinin qaldırdığı bir məsələ ciddi müzakirə olunacağını yazıb.

“Mənbə deyib ki, rəsmi Bakı ATƏT-in Azərbaycanda fəaliyyətinin tamamilə məhdudlaşdırılması, yaxud diplomatik nümayəndəliyin qapadılmasını istəyir. Hökumət beynəlxalq təşkilatın apardığı «zərərli» fəaliyyətdən rahatsız olduğunu bildirib və seçkilərlə bağlı ATƏT müşahidəçilərinin hazırladıqları hesabatları, müxalifət partiyaları ilə birgə keçirilən layihələri əsas gətirib. Qaynağın məlumatına görə, hökumət ATƏT-dən tələb edir ki, həyata keçirdiyi bütün layihələri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmalıdır. Əks halda, buna imkan verilməyəcək. Xəbərdə qeyd olunur ki, rəsmi Bakının bu tələbi ATƏT-in Daimi Şurasında müzakirəyə çıxarılacaq. Əgər Şura Bakı ofisinin fəaliyyətinin tam məhdudlaşdırılması barədə qərar versə, missiya Tiflisdəki fəaliyyətinin həcmini genişləndirəcək. Mənbə ATƏT baş katibinin Bakıda keçirdiyi görüşlər zamanı Azərbaycan rəsmilərini inandırmağa çalışacağını, əks halda ölkənin beynəlxalq təşkilatla qarşıdurmaya sürüklənəcəyini qeyd edib”, – deyə qəzet yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR